“2005-ci ildə qəbul olunmuş və 2015-ci ildə dəyişdirilmiş qüvvədə olan Ermənistan Respublikası Konstitusiyası əvvəlki hakimiyyət dövründə — ilk növbədə Robert Köçəryan və Serj Sarkisyanın siyasi iradəsi və dünyagörüşü çərçivəsində formalaşdırılıb. Bu əsas qanun, artıq dəyişmiş regional reallıqlara və müasir dünyanın çağırışlarına uyğun gəlməyən ideyaları ehtiva edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.
Ermənistan konstitutsiyasında qonşulara qarşı ərazi iddialarının olduğunu deyən Aleksanyan, normal münasibətlərin qurulması üçün yeni qanunlara ehtiyacın olduğunu bildirib:
“Söhbət təkcə idarəetmə modelindən deyil, ilk növbədə xarici siyasət və ərazi məsələlərinə dair yanaşmalardan gedir. Bu sənəd — həm birbaşa, həm də dolayı mənada — keçmişin revanşist yanaşmalarını daşımağa davam edir ki, bu da Ermənistanın sülh yolu ilə inkişafı istiqamətində tam inteqrasiyasına mane olur. Halbuki Ermənistanın həqiqi milli marağı münaqişə səhifəsini çevirmək və bütün qonşuları, o cümlədən Azərbaycan və Türkiyə ilə etibarlı tərəfdaş olmaqdan ibarətdir”.
Erməni jurnalistin sözlərinə görə, mövcud reallıqlar onu deməyə əsas verir ki, konstitutsiya dəyişməsə, sülh olmayacaq:
“Son illərdə, xüsusən 44 günlük müharibədən sonra mövcud konstitusiya ilə davamlı sülh qurmağın mümkünsüz olduğu aydın şəkildə üzə çıxıb. Beynəlxalq hüquq baxımından əgər hər hansı dövlətin əsas qanunu ərazi iddiaları kimi şərh oluna bilirsə, həmin dövlətə etimad ciddi şəkildə azalır. Bu, sadəcə nəzəriyyə deyil, münasibətlərin tənzimlənməsinə, sərhədlərin açılmasına, regional əməkdaşlığa və iqtisadi layihələrin reallaşdırılmasına birbaşa təsir edən amildir”, - deyə Aleksanyan əlavə edib.
Xatırladaq ki, Nikol Paşinyan ötən həftə “İTV”yə verdiyi açıqlamada Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirmişdi.
Tehran Orucoğlu, Bizim.Media