RU

GlobE Şəbəkəsinin Bakı görüşü

Ölkəmiz korrupsiyaya qarşı qlobal mübarizənin önündədir

Mayın 19-da Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Görüşü keçirilib.

Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm nailiyyətlərə toxunub.

Baş prokuror bu sahədə riskləri minimallaşdırmaqla vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə cəmləyən Asan xidmət modelini, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini ətraflı təqdim edib, habelə, xarici nümayəndələrə Azərbaycanın digər institusional, hüquqi və praktiki yanaşmalarını izah edib.

GlobE Şəbəkəsinin fəaliyyətinə də toxunan Kamran Əliyev hazırda 126 ölkədən 235 hüquq mühafizə orqanının fəaliyyətini əlaqələndirən bu beynəlxalq təşkilatın korrupsiya cinayətlərinin qarşısının alınması və araşdırılmasında çevik, işlək və praktiki həllər təqdim etdiyini qeyd edərək, Azərbaycan Respublikasının bu qlobal təsisatın inkişafına verdiyi dəstəyi vurğulayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər şöbəsinin rəhbəri Brigitte Strobel-Şav, GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkail və sədr müavini Boni de Moraes Soares tədbirin peşəkar şəraitdə təşkilinə görə təşəkkür edib və Şəbəkənin ötən dövr ərzində həyata keçirdiyi işlərdən, İdarəetmə Komitəsinin cari görüşündə müzakirə olunan məsələlərdən bəhs ediblər.

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) prezidenti Mazin Bin İbrahım Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan güclü tarixi siyasi əlaqələr və hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub. Kamran Əliyev, korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

Mazin Bin İbrahım Əl-Kahmus isə, Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlər və hüquqi mexanizmlərin gücləndirilməsinə önəm verdiyini qeyd edib. O, beynəlxalq əməkdaşlıq, xüsusilə GlobE Şəbəkəsi çərçivəsində təcrübə və məlumat mübadiləsinə açıq olduqlarını və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

***

Dünən Baş prokuroru Kamran Əliyev Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti və Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə də görüşüb.

XQ

Избранный
0
6
xalqqazeti.az

10Источники