RU

Deputat Azərbaycanda yeni Kəbənin yaradılmasını təklif edib

"İlk növbədə sərhədlər açılmalıdır. Bundan başqa, Naxçıvanda müqəddəs kitabımız Quranda adı keçən Əshabi-Kəhf adlanan pir var. Bu günlərdə Leyla və Arzu Əliyevalar həmin piri ziyarət etdilər, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər".

Sabahinfo.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib.

"Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”. Hesab edirəm ki, biz, Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın", - deyə deputat bildirib.

Partiya sədri qeyd edib ki, müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır: "Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz, Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik. Çoxsaylı zəvvarları qəbul etmək üçün Naxçıvanda yeni hotellər, sanatoriyalar və istirahət mərkəzləri tikilə bilər".

Избранный
0
18
sabahinfo.az

4Источники