RU

Valideynlər yenə növbədə ilişdi - Bağça qəbul sistemində fasilə və narazılıqlar yaranıb

Elektron sistem müvəqqəti bağlanır, sorğular silinir; ekspertlər problemin kökündə texniki çətinlik deyil, bağça çatışmazlığının dayandığını bildirirlər

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır. MÜTDA-dan bildirilib ki, 2025-2026-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək. Məlumatda həmçinin qeyd edilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, hər il valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı elektron sistemdə uzun növbələr və texniki çətinliklərlə üzləşirlər. Yeni sistem açılanda mövcud sorğuların silinməsi valideynlərin narazılığına səbəb olur ki, növbəti dəfə yenə eyni problemlə üzləşirik. İl boyu növbə gözləyirik düşə bilmirik, təkrar yenə növbəyə yazırlar. Halbuki bağçalara onlayn qəbul sisteminin tətbiqi ilə valideynlərin işini asanlaşdırmaq, şəffaflıq və obyektivliyi təmin etmək hədəflənirdi. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də “Sherg.az”a açıqlamasında bu məsələdə qəribə bir paradoksallıq olduğunu deyib. Onun sözlərinə görə, təhsil sistemində elektron qeydiyyat tələb edən bütün proseslər arasında ən qəlizi və mübahisəlisi məhz məktəbəqədər təhsil müəssisələri ilə bağlı olanıdır: 

“Hər il demək olar ki, bağçalara qəbul zamanı biz analoji problemlə ya üz-üzə qalır, ya da bu məsələdə çətinliklər yaşayan şəxslərin "hekayələrini" dinləməli oluruq. Bağçalara qəbulun bu qədər problemlərlə üz-üzə qalmasının iki səbəbi var: birincisi, elektron qəbul prosesinin özünün həddindən artıq mürəkkəbliyi, ikincisi isə yüksək tələbat qarşılığında bağça sayının həddindən artıq azlığı. Birinci məsələyə qayıdaq, bağçalara elektron qəbul bir-birini az qala, zəncirvari reaksiya ilə izləyən 4 mərhələdən ibarətdir. İnanın, bu qəbul prosesini həyata keçirmək üçün azyaşlının valideyni həm yüksək texniki imkanlara, həm yüksək texniki bacarıqlara, həm də inanılmaz çevikliyə malik olmalıdır. Əks halda, sistemdə övladı üçün seçməli olduğu 3 bağça imkanından tamamilə məhrum olacaq”. 

E.Nuri qeyd edib ki, paytaxt Bakı, ona qonşu olan ərazilər-Sumqayıt şəhəri və Abşeron rayonlarında əhali sıxlığı və bunun müqabilində bağça sayının azlığı texniki problemi daha da ön plana çəkir: 

“Düşünürəm ki, burada əsas problem məhz bağça sayının azlığı, tələbatın, müraciət sayının isə çoxluğudur. Nazirlik elektron qəbul prosedurunu nə zamansa sadələşdirə bilər; düşünürəm ki, bu, gec-tez olacaq da. Amma bağça sayı ilə müraciətçi sayı arasında tərs-mütənasiblik olduğu müddətdə bu problemin düzələcəyini düşünmürəm. Ən yaxşı variantlardan biri də icma əsaslı bağça sayının çoxaldılması və özəl bağçaların sayının artması üçün stimullaşdırıcı addımların atılmasıdır”.

Избранный
0
sherg.az

1Источники