Çəmbərək Rayon İcmasının ofisində kənd icma sədrlərinin iştirakı ilə iclas keçirilib.
Rakus.az xəbər verir ki, rayon gənclərinin də iştirak etdiyi iclası Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov açaraq, ilin əvvəlindən indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələrdən söz açıb. O deyib ki, rayon ictimaiyyətinin nümayəndələri ilə vaxtaşırı görüşlərin keçirilməsi, planlaşdırılan tərbirlərin icrası və mütəmadi hesabtın verilməsi zəruridir: “Bu, hər birimizin dövlət və dövlətçilik yolunda sədaqətimizi nümayiş etdirməklə yanaşı, insanlarımızı daha da sıx birləşdirir. Qarşıya hədəf kimi qoyulan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası hər birimizi bu hədəfə nail olmaq üçün daha da yaxınlaşdırır”.
Ə.Ələkbərov idman məsələləri ilə bağlı müzakirəyə də ehtiyac olduğunu söyləyib və bildirib ki, Qərbi Azərbaycan İcmasının təşkil etdiyi idman yarışlarında, o cümlədən futbol turnirində Çəmbərək rayonu da iştirak edir: “Bu, bizi qürurlandırır. Əminəm ki, rayon gənclərimiz yarışlarda daha aktiv olacaq, gənclərin idman mübarizəsində layiqli yerini tutacaqlar. Əsas odur ki, idman yarışlarında rayonun bütün kəndlərinin gəncləri təmsil olunsun. Bunun üçün icma tərəfindən gənclərə lazımi dəstək verilir və bundan sonra da veriləcək. Məqsəd həm gənclərimizi bir yerə yığmaq, idmanımızın, həm də rayonumuzun adını yaşatmaq və təbliğ etməkdir”.
Kənd İcma sədrləri, eləcə də idman üzrə məsul şəxslər və gənclər ötən müddət ərzində görülən işlərdən, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışıblar. Bildirilib ki, iyunun 1-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Rayonlararası Futbol Turniri start götürür. İstedadlı gənclərdən ibarət futbol üzrə Çəmbərək yığması artıq formalaşıb və yoldaşlıq oyununlarını davam etdirir. Çəmbərək rayonu və Allahverdi rayonu arasında yoldaşlıq oyunu keçirilib və hesab 2:2 yekunlaşıb. Turnirin başlanmasına qədər bir neçə yoldaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Sonda xatirə şəkli çəkdirilib.