Bütün dünyada çox sayda pərəstişkara sahib olan britaniyalı müğənni Adel Lori Blue Edkins 1988-ci il mayın 5-də Londonun Tottenham Hotspur bölgəsində dünyaya gəlib. O, 2009-cu ildə verdiyi bir müsahibədə ailəsinin türk, ispan və ingilis qarışığı olduğunu deyib. Atası Adel hələ iki yaşında olanda ailəni tərk edib. Müsahibələrində bu hadisəyə görə atasını heç vaxt bağışlamayacağını bildirib.
Adel kiçik yaşlarından etibarən mahnı oxumağa həvəsli idi. Amma nə pulu, nə də bir əlaqələri var idi. Sadəcə sosial medya hesabında yüklədiyi musiqilər sayəsində kəşf edildi. O, musiqiyə bağlanmasında “Spice Girls”qrupunun böyük təsiri olduğunu bildirib.
Adel 11 yaşı olanda mebel istehsalçısı və böyüklər üçün təhsil tədbirləri təşkil edən anası ilə birlikdə Cənubi Londonda yerləşən "West Norwood" məhəlləsinə köçdü. Məhz bu məhəllənin hekayəsi onun 16 yaşında yazdığı və ilk mahnısı olan "Hometown Glory" də öz əksini tapıb.
2006-cı ildə tanışlarından biri Adelə məxsus bir parçanı “Myspace”platformasında paylaşdıqdan sonra “XL Recordings” şirkəti onunla əməkdaşlıq etmək istəyir və ona səs yazma müqaviləsi təklif edir. 2008-ci ildə BBC-nin "2008-in səsi" adlı müsabiqəsinin qalibi olur və daha sonrakı il "2008-ci ilin səsi" mükafatını qazanır. Həmin il çıxan ilk "19" adlı albomu musiqi tənqidçiləri tərəfindən böyük rəğbətlə qarşılanır. Bu albom Birləşmiş Krallıqda dörd dəfə platin mükafatına layiq görülür.
2009-cu ildə isə Adel Qremmi mükafatını qazanır və "İlin ən yaxşı qadın pop vokalçısı" nominasiyası üzrə təltif olunur.
O, 23 yaşında olarkən səs telləri yırtılır və karyerası bitmə nöqtəsinə qədər gəlir. Eyni zamanda həmin dönəmlər sevgilisi tərəfindən tərk edilir. Elə bu zamanlar Adelin ikinci studiya albomu olan “21” 2011-ci ilin əvvəlində satışa çıxarılır. Albom musiqi tənqidçilərindən müsbət rəylər alır və onun debüt albomunun uğurunu da geridə qoyur. Bu albomla Adel "İlin Albomu" da daxil olmaqla altı Qremmi mükafatı qazanır və beləliklə, bir gecədə ən çox Qremmi qazanan qadın sənətçi olaraq Beyoncé ilə eyni səviyyəyə yüksəlir. “21” albomu Böyük Britaniyada 16 dəfə platin mükafatına layiq görülüb.
"21" adlı albomu ilə Adel Ginnesin Rekordlar Kitabına düşüb. 2014-cü ildə isə onun "Make You Feel My Love" adlı mahnısı “spotify” tərəfindən ən təsirli sevgi mahnısı olaraq elan edilib.
Adel özünün üçüncü studiya albomu olan "25"i 2015-ci ilin noyabrında təqdim edir. Albom ilk həftədə ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla onlarla ölkənin musiqi siyahılarında birinci yerə yüksəlir.
Ötən il Adel qulaq infeksiyası səbəbindən eşitmə qabiliyyətini qismən itirdiyini və "qismən eşitmə məhdudiyyətli" olduğunu açıqlayıb. O, çətin bir müalicə prosesi keçirdiyini və səhv antibiotik istifadəsi nəticəsində bu vəziyyətin baş verdiyini müsahibələrində qeyd edib.
Müğənni uzun müddət xeyriyyəçi və iş adamı Saymon Konekki ilə münasibətdə olub. Cütlük 2017-ci ildə evlənsə də, münasibətləri daha əvvəlki illərə dayanır. Onların 2012-ci ildə doğulan Ancelo adlı bir oğlu var. 2019-cu ildə ayrıldıqlarını açıqlayan cütlük, 2021-ci ildə rəsmi olaraq boşanıb.
2021-ci ildən bəri sənətçi ABŞ-də tanınmış idman agenti Riç Paul ilə münasibətdədir.
Adel 2024-cü ilin sentyabr ayından başlayaraq karyerasına uzunmüddətli fasilə verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта