Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya futbol tarixinin ən yaxşı oyunçularının onluğunu açıqlayıb.
Arena.az məlumat verir ki, IFFHS-in seçiminə əsasən, dünya futbol tarixinin ən yaxşı oyunçusu, hazırda “İnter Mayami”də çıxış edən 37 yaşlı argentinalı ulduz, veteran hücumçu Lionel Messidir.
IFFHS-ə seçiminə görə dünya futbol tarixinin ən yaxşı oyunçularından ibarət ilk onluğu təqdim edirik:
- Lionel Messi (Argentina);
- Pele (Braziliya);
- Dieqo Maradona (Argentina);
- Kristiano Ronldo (Portuqaliya);
- Yohan Kroyf (Niderland);
- Ronaldo (Braziliya);
- Zinəddin Zidan (Fransa);
- Frans Bekkenbauer (Almaniya);
- Alfredo Di Stefano (Argentina/İspaniya);
- Ronaldinyo (Braziliya).
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 16 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 55 oyun, 44 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.