RU

Ərzaq və içki istehsalında sürpriz göstəricilər - istehsal və ehtiyat nə qədərdir?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qida sənayesində müxtəlif məhsullar üzrə istehsal həcmlərində həm artım, həm də azalmalar qeydə alınıb.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, bəzi məhsullar üzrə ehtiyat səviyyələri yüksək olsa da, digərlərində tələbatın yüksəkliyi səbəbilə hazır məhsul ehtiyatı son dərəcə azdır.

Kolbasa məmulatlarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 9438,9 tona çatıb. Buna baxmayaraq, mayın 1-nə olan məlumata əsasən, bu məhsul üzrə ehtiyat cəmi 46,4 ton təşkil edir.

Meyvə şirələrinin istehsalında isə azalma müşahidə olunub. Bu məhsuldan 1451,2 min dekalitr istehsal olunub ki, bu da ötən illə müqayisədə 1,3 faiz azdır. Maraqlıdır ki, bu sahədə ehtiyatlar olduqca yüksəkdir – 712,6 min dekalitr.

Meyvə-tərəvəz konservləri üzrə göstəricilər müsbət olub. İstehsal 9,3 faiz artaraq 54,3 min tona yaxınlaşıb. Hazır məhsul ehtiyatı isə 18 min tondan artıqdır.

Duru bitki yağları üzrə 3,3 faizlik azalma qeydə alınıb. Bu məhsuldan 14 min ton istehsal olunub, hazırda isə 3,3 min ton ehtiyat mövcuddur.

Marqarin istehsalı 3 faiz artaraq 16,4 min tona çatıb, ehtiyatlar isə 2,5 min ton səviyyəsindədir.

Qaymaq və xama istehsalında isə kəskin azalma baş verib – 6,9 faiz azalma ilə 3299,3 ton məhsul əldə olunub. Ehtiyatda isə cəmi 0,2 ton məhsul qalıb.

Kərə yağı üzrə də azalma müşahidə olunub – 8689,6 ton məhsul istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 2,5 faiz azdır. Ehtiyat isə çox az – cəmi 25,9 ton təşkil edir.

Pendir və kəsmik məhsullarının istehsalı da 3,6 faiz azalaraq 17,5 min tona düşüb. Bu məhsul üzrə ehtiyat 100,1 ton olaraq qeyd olunub.

Unlu qənnadı məmulatları sahəsində isə vəziyyət sabitdir – 1,1 faiz artım qeydə alınıb və 23,7 min ton məhsul istehsal edilib. Ehtiyat s 648 ton təşkil edir.

Makaron məmulatlarının istehsalı isə kəskin şəkildə azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal səviyyəsi 2,3 faiz təşkil edib ki, bu da çox ciddi geriləmə deməkdir. Ehtiyat isə cəmi 42,9 tondur.

Ən böyük artım şəkər və qənd istehsalında qeydə alınıb. Bu məhsullar üzrə istehsal 59,7 faiz artaraq 85,1 min tona çatıb. Lakin buna baxmayaraq, ehtiyatlar cəmi 5 min ton təşkil edir.

Şəkərli qənnadı məmulatlarının istehsalında müsbət dinamika müşahidə olunub. Cari ilin ilk dörd ayında bu məhsullardan 2973,4 ton istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Hazır məhsul ehtiyatı isə 61,1 ton olub.

Çay istehsalında isə azalma qeydə alınıb. 3602 ton çay istehsal olunub, bu da ötən ilin göstəricisinin 91,8 faizinə bərabərdir. Hazır məhsul ehtiyatı 48,5 ton təşkil edir.

Qida duzu istehsalında cüzi artım müşahidə olunub – 26,7 min ton məhsul istehsal edilib (101,9%), ehtiyat isə 2,8 min ton təşkil edir.

Alkoqolsuz içkilərin istehsalı 6,6 faiz artaraq 13,96 milyon dekalitrə çatıb. Bu sahədə ehtiyat 408,7 min dekalitr olub.

Şirinləşdirilməmiş sular üzrə də artım qeydə alınıb – 8,995 milyon dekalitr istehsal edilib ki, bu ötən ilin göstəricisindən 2,5 faiz çoxdur. Hazırda 1,2 milyon dekalitr ehtiyat var.

Spirtli içkilər kateqoriyasında ən böyük artım viski və brendi istehsalında qeydə alınıb – 240 min dekalitr məhsul istehsal olunub, bu da ötən ilin göstəricisindən 35,3 faiz çoxdur. Maraqlıdır ki, hazır məhsul ehtiyatı istehsal olunan həcmdən daha çoxdur – 311,2 min dekalitr.

Üzüm şərabı istehsalında isə ciddi azalma müşahidə olunub. İstehsal cəmi 194,4 min dekalitr təşkil edib (59,6%), lakin ehtiyat 640,2 min dekalitr ilə kifayət qədər yüksək səviyyədədir.

Araq istehsalında 14,7 faizlik artım qeydə alınıb – ümumilikdə 461,2 min dekalitr məhsul istehsal olunub və ehtiyat 164,6 min dekalitr təşkil edir.

Pivə istehsalı isə azalıb – 1206,3 min dekalitr ilə bu göstərici ötən ilin eyni dövrünə nisbətən 11,1 faiz azdır. Ehtiyat 228,7 min dekalitr olub.

Siqaret və siqarların istehsalında artım müşahidə olunub – 4,396 milyard ədəd məhsul istehsal edilib, bu da ötən ilin göstəricisindən 5,7 faiz çoxdur. Hazır məhsul ehtiyatı isə 700 milyon ədəd təşkil edir.

Bununla yanaşı, tütün istehsalında ciddi azalma baş verib. İstehsal cəmi 588,7 ton olub ki, bu da ötən illə müqayisədə cəmi 33,6 faiz təşkil edir. Maraqlıdır ki, bu sahədə ehtiyat istehsaldan qat-qat çoxdur – 704 ton.

Избранный
0
1
modern.az

2Источники