RU

Rusiyanın dövlət müşaviri: “Heydər Əliyevin SSRİ-nin Baş katibi olması üçün imza toplayırdıq” – EKSKLÜZİV

“Heydər Əliyev sovet dövründə çox tanınmış siyasətçi idi. Məncə, SSRİ-də elə bir insan yox idi ki, onun haqqında eşitməsin. Rusiyada ona qarşı münasibət çox hörmətli idi. O zaman ölkə dəyişikliklərə, o cümlədən, hakim elitanın təmizlənməsi və korrupsiyaya qarşı mübarizəyə ciddi ehtiyac duyurdu. Bu dəyişiklikləri bir çoxları Heydər Əliyevin şəxsiyyəti ilə əlaqələndirirdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova deyib.

Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən xanım Poloskova, hələ SSRİ dönəmində Heydər Əliyevin Baş katib olması üçün imza topladıqlarını qeyd edib:

“Mən yaxşı xatırlayıram ki, Baş katib Yuri Andropovun vəfatından sonra çoxları, həmçinin ailəmiz bu vəzifəyə Heydər Əliyevin gətiriləcəyinə ümid edirdi. Lakin Andropovdan sonra Konstantin Çernenko təyin ediləndə bir çox insanlar dərin məyusluq hissi keçirdilər və qərarın yenidən nəzərdən keçirilməsi tələbi ilə Mərkəzi Komitəyə məktublar, imza kampaniyaları təşkil olundu. Belə hadisələr də olmuşdu. Daha dar çevrələrdə Heydər Əliyevin xanımı Zərifə xanımı ailəsinin çətin dövründə tərk etmədiyidə bilinirdi. Belə sədaqət, üzr istəyirəm, müasir kişilər üçün nadir keyfiyyətdir. Bu, Heydər Əliyevə şəxsiyyət kimi böyük hörmət bəslənməsinə səbəb olurdu”.

Xanım Poloskova bildirir ki, Ulu Öndər Heydər Əliyevin hələ 50-60 il əvvəl imza atdığı layihələr bugün region üçün həyati əhəmiyyət daşıyır:

“1985-ci ildə mənə VLKSM (Ümumittifaq Leninist Kommunist Gənclər İttifaqı) MK-nın lektorlar qrupunun tapşırığı ilə BAM (Baykal-Amur Magistralı) yol xəttini görmək nəsib oldu. Orada Heydər Əliyevin bu yolun tikintisinə necə böyük töhfə verdiyini öyrəndim. Bu layihənin əhəmiyyətini yalnız indi, logistika dövründə dərk etməyə başlayırıq. SSRİ-nin bir neçə nəsli üçün BAM-ın tikintisi sadəcə söz yox, həyatın bir hissəsi idi.

Mən yaxşı xatırlayıram ki, komsomol dəstələri BAM-ın tikintisinə yollanırdı. İlk yola düşənlər azərbaycanlılar olmuşdu. Yaxşı haldır ki, Rusiyanın rəhbərliyi səviyyəsində Heydər Əliyevin bu tarixi layihəyə verdiyi töhfə unudulmur”.

Xanım müşavir əlavə edib ki, onun diplomat olan həyat yoldaşı Ulu öndərlə bağlı görüşlərini hər zaman müsbət xatırlayıb:

“Mən şəxsən Heydər Əliyev ilə tanış olmamışam, amma vaxtsız dünyasını dəyişmiş həyat yoldaşım – karyera diplomatı Aleksey Nikolayeviç Poloskov hazırkı Azərbaycan Prezidenti İlham Əliyevlə MGİMO-da tələbə yoldaşı olub. O, tələbəlik dövründə İlham Heydər oğlunun çox səmimi, sadə və dostlarına hər zaman kömək etməyə hazır gənc biri olduğunu tez-tez qeyd edirdi.

Aleksey xatırlayırdı ki, Gənclik adlı gənclər düşərgəsində istirahət edərkən, bir dəfə ora qonaq gələn Heydər Əliyevi şəxsən görmək imkanı olmuşdu. Onun sözlərinə görə, bu insandan güc, özünəinam və xarizma özünü aydın şəkildə göstərirdi. Aleksey, Heydər Əliyevin xanımı Zərifə xanım haqqında da hörmətlə danışırdı. Zərifə xanım tanınmış oftalmoloq kimi ona gözlə bağlı məsələdə məsləhət vermişdi. Aleksey deyirdi ki, Zərifə Əliyeva çox yüksək insanı keyfiyyətlərə malik olub. Zərifə xanım xərçəngdən vəfat etdikdə, o, göz yaşlarını saxlaya bilməmişdi.

Bütün bunlar mənim Heydər Əliyev və onun ailəsi haqqında baxışlarımı formalaşdırdı. Heydər Əliyev çox tanınmış, qeyri-adi bir şəxsiyyət idi. Təbii ki, xalqın məhəbbət və hörmətindən əlavə, o, rəqiblərin həsəd və intriqaları ilə də üzləşmişdi. Bir müddət əvvəl Moskvada ona abidə ucaldılıb, bu da bir daha göstərir ki, Rusiya onu unutmur və qiymətləndirir”.

Tehran Orucoğlu, Bizim.Media

Избранный
0
bizim.media

1Источники