“İnter” “Cüzeppe Meatsa”da Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə cavab oyununa bilet satışıından rekord məbləğdə gəlir götürüb.
Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.
Milan təmsilçisi bir axşam ərzində 14,7 milyon avro məbləğində qazanc əldə edib.
Bildirilir ki, həmin axşam stadionda 75504 nəfər tamaşaçı olub. Bilet satışından əldə edilmiş müvafiq məbləğ İtaliyada bu günə qədər bilet satışından əldə edilmiş gəlirlərin mütləq rekordudur.
Daha əvvəl də İtaliyada bilet satışından əldə edilmiş ən çox məbləğ “İnter”ə aid idi. Bu, Çempionlar Liqasının 2022/2023-cü illər mövsümünün yarımfinalına, “neradzurri”nin “Cüzeppe Meatsa”da əzəli “Milan”ı 1:0 hesabı ilə məğlub etdiyi oyuna (ilk oyun 2:0) təsadüf edib. Onda “İnter” 12,5 milyon avro məbləğində qazanc götürmüşdü.
Xatırladaq ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanaraq, mötəbər yarışın finalına yüksəlib.
“İnter” həlledici oyunda Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Final oyunu mayın 31-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək.