BAKI, 9 may. TELEQRAF
Avropa Komissiyası Rusiya qazından tamamilə imtina ilə bağlı yol xəritəsini dərc edib.
Teleqraf xəbər verir ki, sənəd 2025-ci ilin sonuna qədər Rusiya qazının alınması üçün yeni müqavilələrin imzalanmasına qadağanın tətbiqini, eləcə də bütün cari qısamüddətli (spot) müqavilələrə xitam verilməsini nəzərdə tutur.
Həmçinin, Aİ-yə üzv ölkələr 2026-cı ilin əvvəlinədək Rusiya enerji daşıyıcılarından imtina üzrə milli planlar təqdim etməlidir. 2027-ci ilədək isə Rusiya qazının uzunmüddətli müqavilələrlə idxalı da qadağan olunacaq. Bu məhdudiyyətlər həm boru kəməri, həm də LNG üçün keçərlidir.
Qeyd edək ki, Avropa Komissiyası Rusiya qazından imtina planında həm də Rusiya neftinin idxalının dayandırılması və nüvə yanacağı sahəsində əməkdaşlığın qadağan edilməsini nəzərdə tutur. 2027-ci ilin sonunadək Rusiyadan təbii uran, zənginləşdirilmiş uran və digər nüvə materiallarının idxalına qadağa tətbiq olunması planlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildən Avropa Komissiyası Rusiya qazından tamamilə imtinaya qərar verib. Lakin indiyədək buna tam nail ola bilməyib. İlk olaraq 2022-ci ilin yayında Ukrayna Rusiya qazının tranziti üçün istifadə olunan iki marşrutdan birini bağladı. Nəticədə Ukrayna üzərindən tranzit sutkada 42,4 milyon kubmetrə (ildə təqribən 15,4 milyard kubmetr) endi.
2022-ci ilin birinci yarısında isə "Yamal–Avropa", eləcə də "Şimal axını" kəmərləri ilə tədarük dayandırıldı.2024-cü ildə rus qazını Avropaya çatdıran sadəcə iki marşrut var idi. Bunların isə ümumi ötürücülük həcmi 32 milyard kubmetr təşkil edirdi. Lakin 2025-ci ilin yanvarın 1-dən Ukrayna Rusiya qazının tranzitinə tamamilə qadağa qoydu. Hazırda rus qazı Avropaya "Türk axını" vastisəsilə ilə nəql edilir. Bu da təqribən 16–17 milyard kubmetr qaz tədarükü deməkdir.Həmçinin,Aİ Rusiyadan təqribən 20 milyard kubmetr LNG idxal edir.
Rusiyanın enerji resurslarından imtinaya dair yol xəritəsinin Aİ ölkələrində birmənalı qarşılanacağı düşünülmür.Macarıstan və Slovakiyanın enerji embarqosuna qarşı çıxacaqları gözlənilir. Çünki Rusiya onlar üçün ən gəlirli təchizatçı olaraq qalır.
O ki qaldı Avropanın bu dəfə sanksiyalar deyil, yol xəritəsi irəli sürməsinə, ekspertlər bildirir ki, Avropa qanunvericiliyinə əsasən sanksiyalar yekdilliklə bütün birlik üzvləri tərəfindən qəbul olunmalıdır. Buna görə də Brüssel bu planı sanksiya deyil, "yol xəritəsi", "fəaliyyət planı" kimi təqdim edir. Avropa Komissarı Dan Yorgensen bəyan edib ki, bu qərar Aİ-də çoxluqla qəbul ediləcək.
Brüssel 2027-ci ilədək bazarda əlavə qaz təklifi yaranacağını açıqlayıb və bununla Aİ ölkələrini sakitləşdirməyə çalışır.İddia edilir ki, ABŞ, Qətər və Avstraliyada yeni LNG zavodları açılacaq. ABŞ 2028-ci ilədək ixrac həcmini ikiqat artırmaq istəyir. Məsələnin başqa tərəfi LNG zavodlarının tikintisinin ABŞ daxilində qiymətləri artırmasıdır. Bu, Tramp administrasiyasının iqtisadi siyasətinə ziddir — çünki ucuz qaz ABŞ-da ucuz elektrik enerjisi və sənayenin inkişafı deməkdir.
Analitiklər bildirir ki, Aİ açıq şəkildə Ağ Evin hazırkı administrasiyası ilə münasibətləri normallaşdırmağa çalışır. Rusiya qazına embarqo planının indi dərc olunması və iyunda müzakirəyə çıxarılması təsadüfi deyil. Aİ ABŞ-nin Avropa mallarına tarif təzyiqlərini azaltması qarşılığında öz qaz bazarını ABŞ LNG-si üçün təmizləməyi təklif edir.