EN

Gürcüstanın XİN başçısı: ABŞ ölkəmizlə bağlı mövqeyini formalaşdırmayıb

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubionun Senatda rəsmi Tbilisi ilə bağlı sualdan yayınmasına münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, Maka Boçorişvili “Rustavi 2” telekanalına açıqlamasında qeyd edib ki, ABŞ administrasiyası hələ Gürcüstanla bağlı aydın və formalaşmış mövqeyə malik deyil.

“Bu gün eşitdiklərimiz onu göstərdi ki, məsələ hələ də ABŞ Dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirdi ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - M.Boçorişvili vurğulayıb.

Nazir eyni zamanda, qeyd edib ki, bu mövqesizlik Gürcüstan hökumətinə qarşı mənfi rəy kimi qiymətləndirilməməlidir: “Bu, Gürcüstan hakimiyyəti ilə bağlı qiymətləndirmə sayıla bilməz. Belə bir rəy üçün heç bir əsas yoxdur. Biz ABŞ iləa sistemli və səmərəli əməkdaşlıq etmişik və bu davam edir”.

Boçorişvili onu da əlavə edib ki, son 30 ildə Gürcüstan regionda ABŞ üçün etibarlı tərəfdaş olub:

“Bu yalnız mənim sözüm deyil, 30 illik əməkdaşlıqla təsdiqlənmiş faktdır. Gürcüstan bu dövrdə ABŞ üçün regionda etibarlı tərəfdaş olaraq qalır. Əvvəlki administrasiya dövründə münasibətlərdə müəyyən geriləmə müşahidə olunmuşdu və biz bu barədə narahatlığımızı ifadə etmişdik. Yeni administrasiya ilə münasibətlərin keyfiyyətcə dəyişəcəyinə ümid edirik”.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda Gürcüstanla bağlı suala cavab verərkən, hələ bu məsələ üzrə dəqiq mövqenin müəyyən olunmadığını qeyd edib.
Chosen
0
3
sherg.az

10Sources