EN

Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv edib

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bütün iqtisadi sanksiyaları tamamilə ləğv edib. SİA xəbər verir ki, ittifaqa üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından sonra çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bu qərarla Suriyanın yeni keçid hökumətinə bir şans verildiyini bildirib.

Almaniyanın xarici işlər naziri Yohan David Vadephul deyib ki, bu qərarın əvəzində bütün etnik və dini qrupları əhatə edən siyasətin həyata keçirilməsi gözlənilir.

Bununla belə, Bəşar Əsəd rejimi ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, habelə insan hüquqları pozuntularında məsuliyyət daşıyanlara qarşı sanksiyalar qüvvədə qalacaq. Həmçinin silahların, eləcə də daxili repressiyalarda istifadə oluna biləcək malların və texnologiyaların, məsələn, izləmə və dinləmə proqramlarının ixracına qoyulan məhdudiyyətlər də qüvvədə qalır.

Qeyd edək ki, Aİ ölkələri artıq fevral ayında sanksiyaların mərhələli şəkildə yumşaldılmasını qərara almışdı. Bu, ölkənin iqtisadi bərpasını, yenidən qurulmasını və sabitliyin dəstəklənməsi məqsədi daşıyırdı. Enerji, nəqliyyat və bank sektorlarında tətbiq edilən qadağalar ilkin olaraq iyuna qədər dayandırılmışdı. Ancaq Mərkəzi Banka qarşı məhdudiyyətlər hələlik qüvvədə saxlanılırdı.

Aİ bu addımı ilə ABŞ Prezidenti Donald Trampın siyasətinə uyğun hərəkət edir. D.Tramp artıq ötən həftə ABŞ sanksiyalarının tam ləğv olunduğunu açıqlamışdı.

Son vaxtlar Suriyada müxtəlif əhali qrupları arasında silahlı toqquşmalar baş verir. Kaya Kallas belə bir şəraitdə Aİ-nin sanksiyaları ləğv etməsini alternativlərin olmaması ilə əlaqələndirib. O bildirib ki, Suriyada Əfqanıstandakı kimi böhran yaşanmaması üçün ölkənin sabitləşdirilməsinə kömək etmək lazımdır.

Chosen
0
5
sia.az

6Sources