EN

ATİAHİ tərəfindən 308 tələbəyə “Adlı təqaüd” təqdim olunub - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, millət vəkilləri, ölkənin ali təhsil müəssisələrinin rektorları, müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib.

Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərini vurğulayan Konfederasiya sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində həyata keçirilən uğurlu layihələri də diqqətə çatdırıb.

S.Məmmədov qeyd edib ki, AHİK və ATİAHİ Respublika Komitəsi son dövrlərdə dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, eləcə də şəxsi inkişafına əhəmiyyətli töhfə verir.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə əlçatanlığın təmin olunması üçün görülən işlərdən bəhs edib, gənclərin elmə və təhsilə marağının artırılmasında bu layihənin önəmini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən işlər, gənclərimizin elmi nailiyyətlərindən danışıblar. Bakı Ali Neft Məktəbi tələbələrinin uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.

O vurğulayıb ki, nazirlik ATİAHİ ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlu tədbirlər həyata keçirilir. Xüsusilə mayın 16-dü keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı qeyd edən F.Qurbanov gələcəkdə idman, bədii, intellektual sahələrdə və gənclərin inkişafına yönəlmiş layihələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə ATİAHİ tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

ATİAHİ Respublika Komitəsinin “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestrdə 65 tələbəyə təqdim olunurdusa, artıq 2024–2025-ci tədris ilində bu rəqəm əvvəlcə 100, daha sonra isə 308 tələbəyə çatdırılıb. İndiyə qədər 3179 nəfər tələbə bu təqaüdə layiq görülüb.

Chosen
0
26
sia.az

10Sources