EN

Davit İşxanyanı ifşa edən VİDEOda nələr var...

Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.

Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır.

Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Prosesdə təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən video nümayiş olunub.

Videoda İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb:

“O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.

Videoda Movses Akopyan isə əminliklə deyib:

“Erməni ordusunun yaradılmasının əsasını və ya bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.

Videoda Araz Koçaryan bildirib:

“Bir gün təsadüfən qarşılaşdıq və təəccübləndim, Davit İşxanyanın boynunda “sərkərdə Andranikin” medalyonu asılmışdı”.

Hmayak Haroyan onların “Aşan” bölüyü və Monte Melkonyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, “Avo” qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan “azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, “Aşan” kəndinin “özünümüdafiə dəstəsi”nin komandiri, “özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib:

“Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşətli atmosferi yaradaq.

Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında Armen Avakyan da var idi.

Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi.

Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.

Dövlət ittihamçısının suallarını cavablandıran Davit İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Proses mayın 22-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
0
3
musavat.com

10Sources