EN

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə bir sıra bəyanatlar verib.

AZƏRTAC xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, danışıqlar iki saatdan çox davam edib. “Qeyd etmək istəyirəm ki, telefon danışığı çox məzmunlu, olduqca səmimi və mənim fikrimcə, kifayət qədər faydalı oldu”, – deyə o bildirib.

Putin ABŞ-ın Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Donald Trampa təşəkkür edib. “İlk növbədə ABŞ Prezidentinə Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişi ilə bağlı birbaşa danışıqların bərpasına ABŞ tərəfindən göstərilən dəstəyə görə təşəkkür etdim”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Tramp danışıq zamanı döyüş əməliyyatlarının dayandırılması və atəşkəslə bağlı öz mövqeyini ifadə edib, Rusiya da öz növbəsində sülh yolu ilə nizamlanmanın tərəfdarıdır.

O bildirib ki, Moskva Kiyev ilə gələcək sülh sazişi layihəsinin əsasını təşkil edə biləcək memorandum üzərində işləməyi təklif edib. “Rusiya Ukrayna tərəfi ilə mümkün gələcək sülh sazişi ilə bağlı memorandumun işlənib hazırlanması üzrə işləməyi təklif edir və buna hazırdır. Bu sənəddə nizamlama prinsipləri, sazişin mümkün imzalanma vaxtları və müəyyən müddətlik atəşkəs də daxil olmaqla bir sıra mövqelər müəyyən edilə bilər”, – deyə Kremlin rəhbəri bildirib.

Cari dialoq barədə danışan Putin əlavə edib: “İstanbulda görüş və danışıqlarda iştirak edən tərəflər arasında təmaslar bərpa olunub, bu da ümumilikdə düzgün yolda olduğumuzu düşünməyə əsas verir”.

Rusiya Prezidenti Tramp ilə söhbəti konstruktiv hesab etdiyini vurğulayıb.

10Sources