Qabiliyyət imtahanlarına qeydiyyat başlanır.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:
- təsviri sənət;
- musiqi sənəti;
- idman;
- teatr, kino və xoreoqrafiya sənəti.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.