EN

"Ermənistan Rusiyadan uzaqlaşmaq siyasətinə fasilə verib" - AÇIQLAMA

"Rəsmi İrəvan Moskva ilə münasibətlərini daha çox siyasi mənada Rusiyadan qopmaq taktikası üzərində qurub".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatındakı qələbəmizdən sonra Ermənistanın mərhələli şəkildə Rusiyadan uzaqlaşmaq siyasəti özünü göstərir:

"Ermənistanda Avropa İttifaqına üzvlüklə bağlı qanunun qəbul edilməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətin dondurması buna nümunədir. Eyni zamanda, İrəvan hakimiyyətinin Avropa İttifaqına yaxınlaşması və ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanması da bunun sübutudur".

373817

Lakin ekspert qeyd edib ki, son zamanlarda Ermənistanın Rusiyadan uzaqlaşması və Qərbə daha çox yaxınlaşma siyasətində müəyyən taktiki yavaşlama hiss olunur:

"Bu da ABŞ ilə Rusiyanın münasibətlərinin yaxşılaşması kimi bir çox faktorla bağlıdır. İrəvan da buna uyğun olaraq Qərbə yaxınlaşma siyasətini bir qədər yavaşladır. Çünki Moskva ilə Vaşinqtonun münasibətlərinin düzəlməsi Rusiyadan Ermənistana təzyiqlərin daha da artması imkanlarını gücləndirir. 

Belə şəraitdə İrəvan administrasiyası Kremldən daha güclü təzyiqlər görməmək üçün xüsusilə də hərbi müstəvidə Rusiyadan kənarlaşmaq planını kənara qoyur. İndiki vəziyyətdə bu addımları atması real deyil. Ermənistan üçün daha güclü təzyiqlərdən qorunmaq çox vacibdir". 

Aydın Quliyev diqqətə çatdırıb ki, rəsmi İrəvan siyasi cəhətdən Avropa və Qərblə yaxınlaşma taktikasına da fasilə verib:

"Bütün bunlar Ermənistanın Rusiyadan çəkindiyini və ehtiyat etdiyini göstərir. Konkret olaraq, daha sarsıdıcı zərbələr almaqdan yayınmaq istəyirlər. 

Əslində, Ermənistan Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq siyasətini qətiyyətli şəkildə qəbul edib. Fürsət düşdükcə də bu addımı atır. Lakin İrəvan hakimiyyəti rus qoşunlarının ölkədən çıxarılması məsələsinə mümkün qədər ehtiyatla yanaşır".

Ekspertin fikrincə, Rusiyanın ölkədəki hərbi mövcudluğunu zəiflətmək və ya ona zərbələr endirmək Ermənistan üçün intihara bərabər olar:

"Ona görə də bu istiqamətdə fasiləli irəliləmə taktikasına üstünlük verir. Əgər indi real addımlar atsalar, qarşı tərəfdən öldürücü zərbələr ala bilərlər. Bunu nəzərə alaraq Rusiyanın hərbi bazalarını çıxarmaq planını gələcək zamana təxirə salıblar. 

İndiki vəziyyətdə rus hərbi bazaları Ermənistandan çıxarılmayacaq. Lakin İrəvan administrasiyası Qərblə siyasi cəhətdən yaxınlaşma siyasətini fürsət düşdükcə davam etdiriləcək". 

Pərviz

Chosen
0
12
hit.az

10Sources