EN

Hikmət Hacıyev Tehran Dialoq Forumunda

Prezidentin köməkçisi məclisdə iştirak edib, görüşlər keçirib

Mayın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda keçirilən Dialoq Forumu çərçivəsində İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Əkbər Əhmədian ilə görüşüb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir. Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dialoq Forumunda çıxış edərkən deyib.

Bu xüsusda o, 3+3 formatının əhəmiyyətinə toxunub. Bölgədə regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının, AQEM-in və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini vurğulayıb. “Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki İslam həmrəyliyi prinsipi bizim üçün vacibdir”, - deyə H.Hacıyev əlavə edib.

Azərbaycan ilə İranın ortaq tarixi keçmişə malik olduqlarını söyləyən Prezidentin köməkçisi bildirib: “Biz tərəfdaşlıq üçün birlikdə modellər yaradıb inkişaf etdirə bilərik. Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik”. Hikmət Hacıyev, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən danışıb. Vurğulayıb ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bu xüsusda o, Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunaraq deyib: "Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.

H.Hacıyev Fələstinlə bağlı suala cavabında isə qeyd edib: "İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və beynəlxalq hüquqa əsaslanan İslam həmrəyliyini dəstəkləyir. Biz Fələstin məsələsinin BMT-nin qərarları və qətnamələri əsasında "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyirik.

Azərbaycan malik olduğu fərqli geosiyasi kimliyi əsasında fərqli regionlarda aktiv diplomatik fəaliyyət aparır - Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəsi, postsovet məkanı, Mərkəzi Asiya, Yaxın Şərq və sair”.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən Prezidentin köməkçisi vurğulayıb: “İndi Azərbaycan regionda yeni status-kvo və reallıq yaradıb. Sülh üçün münbit şərait var. Qazandığımız Qələbə xalqımızın qanı bahasına başa gəlib. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər - xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub.

Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir. Biz bilirik ki, konstitusiya hər bir ölkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın, ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa oradan çıxarılmalıdır. Regional məsələlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. Təəssüf ki, bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində gərginliklər və qeyri-konstruktiv proseslər müşahidə edilir".

***

Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında İran İslam Respublikasında keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib. Paylaşımda bildirilir:

“Tehran Dialoq Forumunda "təkbətək" formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”.

H.Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb: “Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”.

XQ

Chosen
0
15
xalqqazeti.az

10Sources