EN

ICESCO-nun gənc sülh səfiri: "Şuşa məni ehramlardan da çox heyrətləndirdi"

Müsahibimiz Misirdə yaşayan diaspor fəalı, ICESCO-nun gənc sülh səfiri Sandi Salemdir. Sandi Misirin Qahirə şəhərindəki Ayn Şəms Dövlət Tibb Universitetinin 3-cü kurs tələbəsidir. O, 2024-cü ildə Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin aktiv iştirakçısı olub, ərəb dilində bir sıra kitabların müəllifidir. Gənc soydaşımız Misirlə yanaşı, ABŞ, Böyük Britaniya, İndoneziya, Çin, Malayziya, Cənubi Koreya, BƏƏ və digər ölkələrdə keçirilmiş beynəlxalq tədbirlərdə yüksək mükafatlara və təltiflərə layiq görülüb.

-  Xaricdə yaşayan və ya dünyanın müxtəlif bölgələrində doğulub böyümüş soydaşlarımız son illərdə Azərbaycana daha çox gəlirlər. Bunu nə ilə əlaqələndirərdiniz?

-  Haqlısınız. Elə mən özüm də Vətənə tez-tez gəlməyə başlamışam. Bir neçə ildir ki, dünyanın müxtəlif bölgələrində yaşayan diaspor fəallarından tutmuş, başqa ölkələrdə yenicə məskunlaşmış azərbaycanlılara qədər bir çox soydaşımız ilə aktiv əlaqələr qururam. Onlar da son bir neçə ildə ana Vətən dediyimiz Azərbaycana tez-tez gəldiklərini deyirlər. Məncə ərazi bütövlüyümüzün bərpası, Vətən müharibəsi bu prosesdə də öz sözünü deyib. İndi diaspor üzvləri düşməndən geri alınmış tarixi və əzəli torpaqlarımıza getmək kimi imkanlar da əldə ediblər. Soydaşlarımız Qarabağa ayaq basmağı, buranın havasını sözün həqiqi mənasında ciyərlərinə çəkməyi istəyirlər deyə səfərləri artırıblar. Əlbəttə, ölkədə keçirilən müxtəlif  tədbir, forumlar və təşkil olunan xüsusi səfərlərin də burada öz rolu var. Məsələn, bildiyiniz kimi   “Gənclər Yaşıl Dünya Naminə” adlı Diaspor Gənclərinin yay düşərgələri təşkil olunur. Ötən il V Yay Düşərgəsi Laçında təşkil olundu ki, mən də burada fəal şəkildə iştirak etdim. Bildiyim qədəri ilə növbəti forum Xankəndidə keçiriləcək.


-  İlk dəfə gördüyünüz Laçın rayonu sizi təəccübləndirdimi? Buranı boya-başa çatdığınız Misirdən, ərəb ölkəsinin şəhərlərindən nə ilə fərqləndirərdiniz?

-  Ata-babalarımız bu torpaqlarda çox gəziblər. Əlbəttə biz gənclər, yeni nəsil Qarabağı ilk dəfə görürük. Amma mənfur qonşularımızdan geri aldığımız gözəl guşələri bəyənməmək olarmı?  Hətta Qarabağa səfər edərkən yol boyu xarabalıqlara çevrilmiş Füzuli və s. kimi rayonlarımızın az qala səhraya çevrilmiş quru torpaqlarını belə bəyənib sevdik. Qarabağda qısa zamanda aparılan quruculuq işləri də məni təəccübləndirdi.

-  Bu sualı ona görə verdim ki, gənc nəsil həmişə gözəl təbiətindən bəhs edilən bu ecazkar yurd yerlərimizi heç vaxt görməmişdi. Məsələn, Şuşa qalasını ilk dəfə görəndə sirli ehramlarla müqayisə edə bilərdiniz. Ümumiyyətlə Qarabağ təsvir olunanlar kimi idimi?

-  Bəli, kitablardan, qəzetlərdən, saytlardan, böyüklərimizin dillərindən necə eşidib oxumuşduqsa, elə də möhtəşəm havası, təbiəti ecazkar mənzərələri var idi. O ki qaldı müqayisə etməyimə, əlbəttə Misirin də tarixi və ecazkar yerləri, mənzərələri dünyanı heyrətə gətirəcək sirli abidə və tikililəri var. Amma fərqləndirsəm, bura mənim damarlarımda axan qanımdır, Azərbaycan adlanan Vətənimin işğaldan azad olunan bölgəsidir. Təsəvvür edin ki, o torpaqlar, dağ-dərələr bizə Xeops ehramının vermədiyi hislər yaşadır, heyrətləndirirdi.  Düzdür, dağıntıları görmək insanda dəhşətli hisslər yaşadır. Onilliklər ərzində düşmən tapdağı altında qalan rayon və şəhərlərimizdə bir daşı belə daş üsdə qoymamışdılar. Laçını görmədən belə sevməmək, ona heyran olmamaq o deməkdir ki, sən çoxdan vətənpərvərlik hissindən məhrum olmusan.

-  Oxucularımız üçün Qarabağ haqqında əcnəbilərin nə düşünməsi, işğaldan azad olunan ərazilərin xaricdən necə görünməsi maraqlı olar. Bu barədə də danışardınız.

-  Haqlısınız. Azərbaycanda yaşaya-yaşaya kənardan insanların sənin ölkən haqqında nələri düşünməsini təsəvvür edə bilməzsiniz. O ki qaldı Qarabağı işğaldan azad edəndən sonra bu təsəvvürlərin necə dəyişməsinə, bu haqda çox danışmaq olar. Biz uzun illər uğurlu və düzgün xarici siyasət yürüdərək sivil ölkələrdə Qarabağ anlayışının unutdurulmasına imkan vermədik. Düşmən tarixi ərazilərimizə qondarma “Artsax”dan tutmuş hər cürə anormal adlar qoyurdu. Biz isə  Qarabağ terminini hər məqamda önə çəkir, beynəlxalq hüququ daim ön planda tuturduq. Beynəlxalq hüquq isə ərazi bütövlüyü məsələsində bizim tərəfimizdə idi. Ona görə də həmişə xaricdə bizim ölkədən söz açılan zaman Qafqazda dondurulan münaqişə, Qarabağ problemi anlayışları ortaya qoyulurdu. İndi isə Azərbaycanın adı gələn kimi İkinci Qarabağ müharibəsində qələbə qazanan ölkə kimi xatırlanırıq. Sosiallıq dövrüdür, insanların internetə əlçatanlığı indi daha asan olub. Bizim haqlı mübarizə və müharibəmiz haqqında internetdə xeyli sayda lehimizə olan məlumatlar görmək olar. Ona görə də əcnəbilər xalqımızın hansısa işğalçı deyil, öz torpaqlarını azad edən bir müharibə apardığını gözəl şəkildə anlamağa başladılar. Bundan başqa, ilk dəfə döyüşlərdə PUA-lardan geniş şəkildə istifadə edən ölkə kimi xatırlanırıq. Təbii ki, “Bayraqdar” amili də burada öz sözünü deyib. 

Bir sözlə, mənə Azərbaycan xaricdən necə görünür sualı veriləndə müharibədə qələbə qazanmağı bacaran ölkə, Qafqazın hər mənada incisi kimi cavabını verirəm.


- Sandi, adətən soydaşlarımız milli mətbəximiz, bəzi mental dəyərlər və s. kimi detallardan ötrü darıxırlar. Bəs sizi Azərbaycana daha çox nələr bağlayır. Hər dəfə Vətəndən ayrılanda hansı hisləri keçirirsiniz?

- Əslində sizin bu sadə sualınızın arxasında böyük məna dayanır. Niyə? Xaricdə doğulub böyüyən soydaşlarımızı Azərbaycana sanki çox az şey bağlayır. Həmin dolmanı, dovğanı Londonda da gəzib Qafqaz mətbəxi olan restoranda tapa bilərsiniz, hətta Çindəki müsəlman kafesində də. Amma bizim toplum, cəmiyyəti heç yerdə tapa bilməzsiniz. Xüsusən də meqapolis və inkişaf etmiş ölkələrdə kütlə hədsiz dərəcədə soyuqqanlı olur. Bizdə isə biri küçədə yıxılan kimi onlarla adam ona yardım üçün qaçır... Bir tərəfdən də soydaşlarımızın daha çox Azərbaycan mətbəxi və s. üçün darıxmasını da qınamıram. Çünki sən fərqli ölkədə fərqli mühitdə böyüyürsən və beynində Azərbaycan cəmiyyətinə dair mənzərə yalnız sənin azərbaycanlı ana və ya atanın dilindən səslənən fikirlərlə formalaşır. Amma bir və ya bir neçə dəfə Vətənə gəlirsənsə, artıq bura bağlılığın möhkəm şəkildə artır. Bu mənada keçirdiyim hissləri dilə gətirmək çətindir.

-  Vətəndə görüb bəyəndiyiniz və darıxdığınız nələr var?

-  Bizim ölkənin insanları olduqca mehriban və qonaqpərvərdir. Dünyanın bir sıra ölkələrində olmuşam. Bu barədə müsahibədə ətraflı danışmaq istəməzdim. Çünki bunlar tamam başqa bir söhbətin geniş şəkildə təsvir olunacaq mövzusudur. Amma az yaşıma baxmayaraq gördüyüm, müşahidə etdiklərimə əsaslansam deyərəm ki, azərbaycanlılar həqiqətən də bir çox müsbət cəhətlərinə görə nadir xalq sayılırlar. Bizim vətənpərvərliyimiz, çətin məqamlarda yumruq kimi birləşib bir nöqtəyə vurmağımız Vətən müharibəsində özünü ideal şəkildə göstərdi. Mən bu birlik üçün darıxıram. Mədəniyyətimiz dəyərli sərvətimizdir. Hər dəfə Misirə qayıdan zaman bu sərvətimiz üçün darıxdığımı hiss edirəm. Başqa hisslər də keçirirəm. Məsələn, Bakı o qədər surətlə dəyişib inkişaf edir ki, dünyanın ən gözəl paytaxtının növbəti gəlişimdə necə dəyişəcəyini həyəcanla gözləyirəm. Bölgələrimiz də inkişaf edir, bizim ölkə turizm baxımından böyük potensiala malikdir. Yeri gəlmişkən, Misirdən də bura az turist gəlmir.

-  Məncə, hələ də xeyli sayda diaspor gənci var ki, sizin kimi düşünmür. Azərbaycana sadəcə turist kimi gəlib gedirlər...

-  Ola bilər. Düzü bu barədə araşdırma və ya sorğu aparmamışam. Amma əlaqədə olduğum, dostlaşdığım insanların fikirlərinə əsaslansam deyə bilərəm ki, xaricdə yaşayan gənclərimiz Qarabağın azad olunmasından sonra Vətən üçün daha çox darıxırlar. Yuxarıda da qeyd etdiyim kimi, sanki bu qurtuluş təkcə Azərbaycanda yaşayan insanlarımıza deyil, xaricdəki soydaşlarımıza da vətənpərvərlik mövzusunda ikinci baharı yaşatdı. Zatən uzun illər biz vətənpərvərlik ruhunda böyüyür, təşkil etdiyimiz və ya qatıldığımı tədbirlərdə azərbaycançılıq məfkurəsini, Qarabağ faktorunu daim ortaya qoyurduq. Qələbəmiz isə bizi daha da ruhlandırıb. İndi diaspor gəncləri nəinki Azərbaycana can atırlar, buradan qayıdanda xeyli material, fotofaktlar, yeni informasiyalarla öz təbliğat işlərini qura bilirlər.


- Bu yaxınlarda Nyu Yorkda BMT-nin İqtisadi və Sosial Şuranın (ECOSOC) Gənclər Forumunda iştirak etdiniz. Yəqin gənc sülh səfiri kimi bu cür tribunaların Vətəninizin həqiqətlərini daha uğurlu şəkildə təbliği üçün ideal məkan sayıldığını bilirsiniz.

- Əlbəttə, maksimum belə tədbirlərdən yararlanmağa çalışıram. Mən forumda çıxışım zamanı gənclərin yüksək səviyyəli qərarların qəbul olunması proseslərində iştirakının vacibliyini  diqqətə çatdırmışdım. Ümumilikdə isə beynəlxalq tədbirlərin mahiyyət və məqsədindən asılı olmayaraq çalışıram ki, qurduğum təmaslar zamanı əcnəbilərə yaratdığımız yeni reallıqlar, Qafqazda həqiqətən də şəfəq saçan, sülh carçısına çevrilən bir ölkə haqqında ətraflı danışım. Çünki düşmənimiz xaricdə də yatmır, oyaqdır. Onların dezinformasiyaları əcnəbilərə heç də az təsir etmir. Yeri gəlmişkən, forum çərçivəsində keçirilən “Gənclər ön cəbhədə: Elmin və sosial inklüzivliyin səfərbər olunması” adlı tədbirdə və Qətərin BMT-də Gənc Nümayəndələr Proqramının təqdimatında iştirak etdim, həmçinin BMT-nin televiziyasının ərəb dilində olan versiyasına, yəni “UN TV Arabic”ə də müsahibə vermişdim.

- Yaşınızın az olmasına baxmayaraq digər bacarıq və elmi biliklərinizlə də təəccübləndirirsiniz. Bildiyim qədəri ilə maraqlı bir cihaz ixtira etmisiniz. Oxucularımıza bu barədə də qısa məlumat verərdiniz. 

- İxtira etdiyim “SIMON”, yəni Smart Instrument for Mute and Oto-Laringeal Non Speakers adlanır. Elə BMT-də keçirilən gənclər forumunda da bu barədə çıxış etmişdim. Əslində forumun keçirilməsində məqsəd gəncləri dünyanın sosial, iqtisadi və ekoloji inkişafı ilə əlaqədar qərarların qəbuluna cəlb etmək idi. Tədbirdəki çıxışımda ixtira etdiyim cihaz haqqında məlumat verdim.  Cihaz süni intellektlə təchiz olunub və qısa desək, nitq və eşitmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. 

- “Z” hətta “Alfa” nəslinin təmsilçilərinin gənc yaşlarından ixtiralara imza atmasını görmək biz media nümayəndələrini sevindirir. Çünki bugünkü dünyada gənclərlə bağlı baş verən proseslərdə, xəbər axınında bu cür müsbət hadisələri olduqca az görüb işıqlandırırıq... 

- Əslində haqlısınız. Yeni gələn nəsil bir qədər texnologiyaya yaxşı mənada bağlı olsa da, elmi bilikləri kitablardan daha az qavramağa maraqlı olur, ixtira və tərəqqiyə yol açan sahələrə elə də çox meyl etmir. Onlar sosial şəraitlərdə, tətbiqlərlə və ümumiyyətlə qısa zamanda hər şeyi birbaşa öyrənməyə meylli nəsil kimi tanınırlar. Əslində indi hər yerdə müzakirə mövzusu “Z” yox “Alfa” nəslidir. Bildiyiniz kimi Z-lər 90-lardan sonra doğulanlardır. Amma indi tamam başqa bir nəsil formalaşır.  Bu ildən “Beta” nəsli də formalaşacaq. Yəni dünya dəyişir, texnoloji imkanlar, cəmiyyət, dəyərlər, ekologiyamız kimi surətlə gah yaxşıya, gah da pisə doğru yön alır. Bəlkə də səhralarda, Afrikada yaşayanlar üçün iqlim dəyişikliyi, sərin, yağışlı havalar cənnət müjdəsinə bərabər bir hadisədir. Hansı ki, elm adamları buna görə həyəcan təbili çalırlar. Amma məsələyə fundamental şəkildə yanaşanda dəyişiklik dünyanı narahat etməlidir. Eyni şeyləri gənclər haqqında da demək olar. Yeni formalaşan nəslin əvvəlkini təqlid etməməsi, onların çoxlarına təmbəl, dəyərləri itirən və s. kimi görünməsi normaldır. Amma yeni nəsillər düşdükləri qəliblərə uyğun formalaşırlar…

- Sandi sizinlə gənc sülh səfiri, istedadlı, savadlı biri, Vətəninə bağlı soydaşımız kimi söhbətləşmək xoş oldu.

- Mənə də hər zaman doğma mediamıza, mətbuatımıza açıqlama vermək olduqca xoşdur. Bilirsiniz, təvazökarlıqdan uzaq olsa da deyim ki, mən bir neçə dildə sərbəst danışıram və müxtəlif dillərdə müsahibələr də vermişəm. Bilirəm ki, məsələn ərəbcə və ya ingilis dilində verdiyim açıqlamalar daha çox mənə doğma olmayan insanlara çatacaq. Amma fikirlərini öz doğma xalqın üçün ana dilində səsləndirmək insana ayrı bir hiss yaşadır. 

Tural Tağıyev
News365.az
Chosen
0
50
news365.az

10Sources