EN

Azərbaycan telekanalları etibarlı mənbə kimi liderliyini qoruyub saxlayır - ARAŞDIRMA

Bu gün milli ideoloji əsasların formalaşdırılması və inkişaf etdirilməsində mühüm rol oynayan, informasiya mühitinə ciddi təsir imkanlarına malik televiziya özünün yeni transformasiya mərhələsini yaşayır. Cəmiyyətdə əsas kommunikasiya vasitələrindən biri kimi televiziya daim aktual çağırışlara hazır olmalı, dövrün tələblərinə operativ cavab verməli, müasir trendlərə uyğunlaşmağı bacarmalıdır. Rəqəmsal informasiya dövründə sürətli adaptasiya əsas tələb olduğundan, internet və sosial şəbəkələr televiziyanın əsaslı rəqibinə çevrildiyindən, keyfiyyətli kontent istehsalı və etibarlı mənbə faktoru əsas meyara çevrilir.

Operativ Media AZƏRTAC-a istinadən Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı yazını təqdim edir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə həyatımızın digər sahələrində olduğu kimi, audiovizual sferanın inkişafına da əsaslı təsir göstərmişdir. Son beş ildə Azərbaycan teleməkanın inkişafı istiqamətində əsaslı addımlar atılmış, ilk növbədə onun qanunvericilik bazası yenidən formalaşdırılmışdır.

Əvvəlki illərdə televiziya və radio məkanı "Televiziya və radio yayımı haqqında" Qanun, Audiovizual Şurasının fəaliyyəti isə “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə” ilə tənzimlənirdi. İnternet, sosial media sürətlə inkişaf etdiyi, bütün dünyada ənənəvi və yeni medianın inteqrasiya prosesi geniş vüsət aldığı halda, mövcud qanunvericilik 1998-1999-cu illərdən yaranmağa başlamış media subyektlərinin onlayn versiyalarının, əsasən 2005-2006-cı illərdən formalaşan onlayn media subyektlərinin fəaliyyətini tənzimləmir, onların statusunu tanımırdı. 2022-ci il fevralın 8-də qüvvəyə minmiş "Media haqqında" Qanun 1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanundan köklü şəkildə fərqlənir. Yeni Qanun ənənəvi media ilə yanaşı, onlayn media subyektlərinin də statusunu, hüquq və vəzifələrini müəyyən edir.

Bu dövrün yaddaqalan hadisələrindən biri də teleməkanımızda müasir standartlara cavab verən ölçü-reytinq sisteminin qurulması ilə bağlıdır.

2022-ci ilə qədər Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini beynəlxalq “AGB Nielson” şirkətinin nümayəndəliyi həyata keçirirdi. Auditoriyanın ölçülməsi, əsasən kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılırdı. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan və texniki avadanlıqların müasir standartlara cavab verməməsi baxımından Azərbaycanda ölçmələrin keyfiyyətinə, kommunikasiyanın effektivliyinə mənfi təsir edir, eyni zamanda prosesdə müəyyən subyektiv yanaşma da gözə çarpırdı.

Xatırlatmaq yerinə düşər ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı. Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış “Kantar Media” şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator “MARSA” tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

“MARSA”-nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Bəzən belə fikirlər səslənir ki, Azərbaycanda televiziya tamaşaçısı daha çox xarici telekanallara üstünlük verir. Amma telebaxış göstəriciləri bunun tam əksini göstərir – gün ərzində ortalama televiziyaya baxan 5 milyon 789 min insanın 60 faizdən çoxu – 5 milyon 87 min nəfəri məhz Azərbaycan kanallarına baxır. Ümumilikdə, 2025-ci ilin yanvar, fevral və mart aylarında telebaxış göstəriciləri aşağıdakı kimidir:

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

2025-ci ilin yanvar, fevral və mart aylarında 11 televiziya kanalında məzmuna görə bölgü:

Qeyd edilməlidir ki, internet media və sosial şəbəkələrlə rəqabətdə aparıcı təsir imkanlarının saxlanmasında dövlətin teleradio məkanının inkişafına dəstəyi mühüm rol oynayır. 2020-ci ildən keçən dövrdə özəl televiziya kanallarına müəyyən təyinatlar üzrə 3 dəfə dövlət tərəfindən müxtəlif məbləğlərdə maddi yardım ayrılıb. Yardımlar telekanalların texniki imkanlarının artırılması və yayım coğrafiyasının genişləndirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi məqsədi güdüb.

Ölkədə mövcud yayım stansiyalarının dayanıqlı fəaliyyəti və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə ölkəmizin ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılıb. Dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə 2023-cü ildə 13,7 milyon manat ayrılıb.

Bu addım respublikamızda FM radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsi olmuşdur. Sərəncamın icrası nəticəsində, müvafiq avadanlıqlar xaricdən tədarük edilib, həmçinin 17 stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb, onların qonşu ölkələrlə koordinasiyası aparılıb, stansiyaların böyük əksəriyyətində yayım avadanlıqları quraşdırılıb. Eləcə də fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması və nəzərdə tutulan digər məsələlərin həlli istiqamətində intensiv işlər aparılıb. Sərəncamın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən ümumölkə radio proqramlarının bölgələrdə də qəbulu mümkün olub. Bununla da regionlarda qəbul olunan yerli radio proqramlarının sayı qonşu ölkələrdən daxil olan kənar FM radio yayımlarının sayına nisbətdə artıb.

Azərbaycan Respublikasında audiovizual media sahəsinə qayğının daha bir göstəricisi Nazirlər Kabinetinin 2023-cü il 22 dekabr tarixli Sərəncamı ilə dövlət tərəfindən audiovizual məhsulların sifarişi məqsədilə Medianın İnkişafı Agentliyinə 2 milyon manat vəsaitin ayrılması olub.

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində müasir tələblərə uyğun məzmun istehsalı və yayımının təşviqi, yaradıcılığın və peşəkarlığın dəstəklənməsi, yüksəkkeyfiyyətli istehsalla bağlı əlverişli ekosistemin formalaşdırılması, müxtəlif istiqamətlər üzrə məlumatların ictimaiyyətə effektiv çatdırılması məqsədilə ümumölkə yerüstü televiziya yayımçıları üçün 2024-cü ilin aprel ayında dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib, nəticələrə uyğun olaraq həmin ilin sentyabr ayında layihələrin icrasına başlanılıb. Layihə çərçivəsində cari dövrədək 8 audiovizual media subyekti tərəfindən dövlət və cəmiyyət üçün prioritet olan mövzularda 12 televiziya proqramı və 6 sosial videoçarx yayımlanmaqdadır. Müsabiqə çərçivəsində hazırlanmış audiovizual məhsullar auditoriya tərəfindən maraqla qarşılanıb, nəticədə bir sıra proqramlar reytinq əldə etməyi bacarıb, bununla yanaşı, müxtəlif qurumlar tərəfindən sosial videoçarxlar yüksək qiymətləndirilib, onların maarifləndirici mahiyyəti xüsusi əhəmiyyət kəsb edib.

2022-ci ildən başlayaraq "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları SD formatdan HD formatında yayıma keçib, nəticədə təsvirin keyfiyyəti yüksəlmiş, tamaşaçı üçün daha dəqiq və aydın görüntü izləmək imkanı yaradılıb.

2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarının efirində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə 53 min 464 dəfə müxtəlif səpkili sosial çarx yayımlanıb. Bu çarxlar dövlət proqramlarının icraçısı olan rəsmi qurumların, o cümlədən Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin sifarişi və dəstəyi ilə hazırlanıb. Bundan əlavə, televiziya kanalları özləri də müstəqil şəkildə müxtəlif mövzularda xüsusi proqramlar hazırlayıb yayımlayıb.

Sonda qeyd etmək yerinə düşər ki, hazırda efir məkanına nəzarət xeyli gücləndirilib. Əgər 2002-2020-ci illəri əhatə edən 18 il ərzində proqramlarda qanunvericilik qaydalarının pozulmasına görə cəmi bir dəfə telekanalın efir vaxtının müəyyən müddətə dayandırılması halı olduğu halda, 2020-ci ildən ötən müddət ərzində "Media haqqında" Qanunun tələblərinin və etik davranış normalarının pozulması halları ilə əlaqədar Audiovizual Şura tərəfindən 29 dəfə efirin dayandırılması halına rast gəlinib.

Bu gün texnoloji inkişafla yanaşı, kanallar arası rəqabət də yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan televiziya və radio məkanında sağlam rəqabət daha maraqlı kontentin ərsəyə gəlməsinə şərait yaradır. Hazırda dünyada gedən inkişafla ayaqlaşmaq, daim yenilik axtaran izləyicilərin tələblərini ödəmək bütün audiovizual subyektlər üçün yeni çağırışları ortaya qoyur. Azərbaycan dövləti qabaqlayıcı addımlardan biri kimi bu sahənin də inkişafını müntəzəm olaraq diqqətdə saxlayır.

Chosen
0
5
operativmedia.az

6Sources