BAKI, 19 may. TELEQRAF
İndoneziyanın Sumatra adasında timsah kanalda üzən 45 yaşlı kişinin həyatına son qoyub.
Teleqraf xəbər verir ki, bu barədə “The Star” nəşri məlumat yayıb.
Məlumata görə, kişi dostu ilə kanalda çimdiyi zaman timsah ona hücum edib və suyun altına çəkib. Dostu onun əlindən tutmağa çalışsa da, xilas edə bilməyib.
Xilasedicilər cəsədi hadisə yerindən təxminən 200 metr aralıda aşkar ediblər. Kanal palma plantasiyasından keçir. Ekoloqlar iddia edirlər ki, belə plantasiyaların genişləndirilməsi timsahların təbii yaşayış mühitini azaldır və onlarla qarşılaşma riskini artırır.
Qeyd edək ki, İndoneziyada timsahların insanlara hücum etməsi hallarına digər ölkələrə nisbətən daha çox rast gəlinir. Belə ki, 2015-ci ildən 2024-cü ilə qədər 1100-dən çox hücum faktı qeydə alınıb ki, bunlardan 550-dən çoxu ölümlə nəticələnib.