“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Bir neçə tur əvvəl çempionluğu rəsmiləşdirsək də, bu gün bunu daha çox hiss etdik. Çünki layiq olduqları medalları bu gün alırlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm”.
Qurban Qurbanov ikinci hissədə meydana çıxan gənc futbolçu Hikmət Cəbrayılzadənin çıxışına da münasibət bildirib:
“Bacarıqlı yerli oyunçulara həmişə şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqqında məlumat vermişdi. Biz şərait yaradırıq. Çox istəyərdim ki, meydanda keçirdikləri dəqiqələr daha çox olsun. Daim onları möhkəmləndirməyə çalışacağıq. Böyük futbol oynamaq üçün gənc yaşda daha dözümlü olmalıdırlar. Hikmət öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. İmkan olduqca, belə oyunçuları daim komandaya cəlb edirik”.
Qurban Qurbanov Nəriman Axundzadəni müdafiənin sol cinahında oynatmasına da aydınlıq gətirib:
“Milli üzvü olan 6-7 oyunçuya istirahət vermişdim. Onları məşqlərdən də azad etmişdim. Çünki milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol vinger kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq”.
Qurban Qurbanov Ağdam klubunun sabiq braziliyalı vingeri Olavio Juninyonu icarəyə götürmək planlarının olub-olmadığı barədə sualı isə belə cavablandırıb:
“Hələ ki, belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun “Flamenqo”da işləri bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə transferlə bağlı danışığımız olmayıb”.
Qurban Qurbanov cari mövsümü dəyərləndirdi
Qurban Qurbanov geridə qoymaqda olduqları cari mövsümü də dəyərləndirib:
“Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimiz uğursuz sayılır, çox fərqli fikirlər var. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formada olmadığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiya etdik. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqa oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa… Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tururlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qarabağ”ı təbrik edirəm. İllərdir ki, onlara döyüş verən komandalar yoxdur. Allah qoysa, gələcəkdə yaxşı olar. Komandaların büdcəsi yüksələr, yaxşı mübarizə görərik. Rəqibə çatdıra bilmədik. Bu da ehtiyat qüvvəmizin azlığından irəli gəlir. Bunları aradan qaldırmaq olar. İlk hissədə “Qarabağ”a yaxşı müqavimət göstərdik. Sonuncu oyundan sonra bəzi məsələləri bir yerdə həll edəcəyik”.
Azər Bağırov hakimlikdən narazı qaldığını da gizlətməyib:
“Rəvan Həmzəzadə güclü hakimlərimizdən biridir. Üçüncü dəfədir ki, “Qarabağ”la oyunumuzu idarə edir. Tovuzdakı 0:5 hesablı məğlubiyyətimizdə də Rəvan idi. Sağ olsunlar. 34 milyonluq “Qarabağ”a qarşı 3 milyonluq “Kəpəz” oynayanda simpatiyanı bu tərəfə etmək olar. Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var. Başa düşmürsən ki, niyə belə olur? Həmişə zəifin tərəfində oluruq. Güclünün tərəfində olmağa nə var ki? Doğru deyil. Yəqin ki, bildikləri nələrsə var”.