EN

Suriya prezidenti Şəraa Trampa ABŞ-Ukrayna tipli saziş təklif etdi...


Əli Orucov: "Ağ Ev rəhbəri üçün siyasi, təhlükəsizlik, beynəlxalq hüquq, demokratiya kimi məsələlər arxa fondadır"

“The Times” yazır ki, Suriya lideri Əhməd əl-Şaraa Trampa Vaşinqtonun Kiyevlə imzaladığı sazişə bənzər təbii resurslarla bağlı bir saziş təklif edib. Nəşrin mənbələri bildirib ki, Suriyanın paytaxtında “Tramp Tower”in tikintisi ideyası da müzakirə olunub.

Qeyd edək ki, Suriyada ciddi ehtiyatlara malik neft yataqları, digər faydalı qazıntılar və əhəmiyyətli həcmdə nadir torpaq elementləri mövcuddur.

Belə bir sazişin imzalanmasi tərəflərə nələr qazandıra bilər?

"Bakı-Xəbər" qəzetinə məsələ ilə bağlı açıqlama verən politoloq Əli Orucov bildirdi ki, ABŞ-ın əvvəlki administrasiyasından fərqli olaraq, yeni prezident Trampın yürütdüyü xarici siyasətin ana xətti ticarətə və iqtisadi mənfəətə əsaslanır: “Ağ Ev rəhbəri üçün siyasi, təhlükəsizlik, beynəlxalq hüquq, demokratiya kimi məsələlər arxa fondadır. Bəziləri bunu Trampın biznesmen olması və baxışlarının da bu kontekstdən formalaşması ilə izah edir. Bir sıra hallarda isə o, ticari və iqtisadi mənfəət qazanmaq üçün açıq şəkildə təzyiqlərdən də yararlanır. Ukrayna təcrübəsində biz bunu gördük. Davamlı basqı və hətta şantajla Kiyevdən istədiyini ala bildi, torpaq minerallarının və digər təbii resursların istismarı hüququnu qazandı. Səudiyyə Ərəbistanı ilə 142 milyard dollarlıq müdafiə və silah sazişini imzalatdı. Onun birinci prezidentliyi dövründə həmin ölkə ilə analoji olaraq 110 milyard dollarlıq sövdələşmə əldə edilmişdir. Əslinə qalsa, üst-üstə 252 milyardlıq silah-sursat Səudiyyə Ərəbistanına lazım da deyil, heç onun boy biçiminə də uyğun gəlmir. Ancaq Trampın ənənəvi şantaj, təzyiq metodu işə yaradı. Birləşmiş Ştatlar prezidenti ilə Yaxın Şərq turnesində Səudiyyə Ərəbistanında səfərdə olan Suriya keçid hökümətinin lideri Əhməd Əl-Şaraa ilə də Kiyevlə bağlanılan oxşar sazişlə bağlı ilkin razılığa gəlinib. Bundan başqa, Birləşmiş Ştatların bu ölkənin neft-qaz sektorunda da böyük paya sahib olmasına yaşıl işiq yandırılıb.

Təbii ki, belə bir sazişin imzalanmasından tərəflər məmnun qalacaq. Birləşmiş Ştatlar trilyon dollarla ölçülən gəlir əldə edəcək. Suriya isə 2011-ci ildən başlayan və 13 il davam edən vətəndaş müharibəsi zamanı dağıdılan, xarabalığa çevirilən ölkəni bərpa etmək imkanı qazanacaq. Təhlükəsizliyinə zəmanət alacaq. Bununla belə hesab edirəm ki, şərtlər heç də yüngül deyil və qazanan daha çox Birləşmiş Ştatlar olacaq. Ancaq bundan yaxşısını, yaxud alternativini irəli sürən, təklif edən də yoxdur. Trampın Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi haqqında bəyanatı digər xaici investorları da bu ölkəyə investisiya yatırmağa təşviq edə bilər.

Yeri gəlmişkən, Azərbaycan da Suriyanın neft-qaz sənayesinə, eləcə də digər sektorlara maraq göstərir və çox güman ki, bunlar reallaşacaq. ABŞ ilə Suriya arasında münasibətlərin normallaşdırılması, iqtisadi-ticari əlaqələrin qurulması region ölkələri və xalqları üçün də faydalıdır. Göründüyü kimi, Türkiyə və Səudiyyə Ərəbistanı bu məsələyə daha real və optimist yanaşır. Bu vəziyyət Bakını da qane edir. Vurğulamaq lazımdır ki, Suriyanın böyük və zəngin potensialı var və bundan ağıllı istifadə yeni dövr Suriyası üçün geniş imkanlar açır".

Akif NƏSİRLİ

Chosen
0
baki-xeber.com

1Sources