Israil Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olur.
Bu barədə BMT-nin yaydığı bəyanatda bildirilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar işlər üzrə ofisi (OCHA), İsrailin Kerem Şalom keçid məntəqəsindən gələn humanitar yardım yüklərinin BMT əməkdaşları tərəfindən götürülməsinə icazə verilmədiyini bildirib. BMT baş katibinin sözçüsü Stéfan Düjarrik, jurnalistlərə etdiyi açıqlamada, "Bütün yük keçid məntəqələrinin bağlanması, Qəzzaya təcili yardımın çatdırılması üzrə əldə edilən kritik irəliləyişi pozduğunu deyib və bunun ankalvda ciddi qida təhlükəsizliyi problemlərinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
O, qida çatışmazlığı ilə əlaqəli xəstəliklərin tüğyan etdiyi və hətta ölümlərə səbəb olduğu belə bir vaxtda İsrailin humanitar yardımlara məhdudiyyətlər tətbiq etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
16 aydan çox davam edən münaqişədən sonra Qəzzə əhalisi tamamilə xarici yardımlardan asılı vəziyyətdədir. Əhalinin böyük hissəsi evlərindən didərgin düşüb və bir çoxunun sığınacağa ehtiyacı var. Xəstəxanaların, su nasoslarının, çörək zavodlarının, telekommunikasiya xidmətlərinin və yardım daşıyan yük maşınlarının işləməsi üçün yanacaq tələb olunur.
Təşkilatın məlumatına görə, İsraildən Qəzzə zolağına aparan üç keçid məntəqəsi – Kerem Şalom, Zikim və Erez – son üç gün ərzində bağlı qalıb.
BMT, humanitar yardımların çatdırılmamasının Fələstinlilər üçün dağıdıcı nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edir. Təşkilat, BMT-yə üzv ölkələrin, xüsusilə də təsir gücü olan dövlətlərin, İsrail-Hamas atəşkəsinin qorunub saxlanılması üçün "bütün mümkün vasitələrdən" istifadə etməsinin vacib olduğunu vurğulayır. Atəşkəsin birinci mərhələsi şənbə günü bitib və ikinci mərhələ ilə bağlı danışıqlar hələ başlamayıb.