BAKI, 11 may. TELEQRAF
Hindistan hakimiyyəti Pakistana qarşı başlatdığı “Sındur” hərbi əməliyyatı davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.
Delhidən verilən açıqlamada qeyd olunub:
“Sındur əməliyyatı başa çatmayıb. Biz artıq yeni reallıqdayıq və dünya da, Pakistan da bunu qəbul etməlidir. İşlər əvvəlki kimi davam edə bilməz”.
Hindistan tərəfi əməliyyatın məqsədini 22 aprel tarixində Cammu və Kəşmirin mübahisəli Pahalqam bölgəsində törədilmiş terror aktına görə məsul şəxsləri cəzalandırmaq kimi izah edib. Rəsmi Delhinin açıqlamasına görə, bu tədbirlər Hindistanın terrorla mübarizədə yeni yanaşmasıdır.
Əməliyyat çərçivəsində Hindistan daha əvvəl Çinab çayı üzərindəki bəndin Pakistanla sərhədə yaxın hissəsindəki su qapılarından birini də açıb.
Qeyd edək ki, Hindistan "Sındur" əməliyyatına 6 may tarixində başlayıb. Pakistanın müdafiə naziri Xavadca Asif isə bildirib ki, hücumlar əsasən mülki obyektlərə yönəlib. Bunun ardınca Pakistan cavab zərbələri endirib.
10 may gecəsi Pakistan “Bunyan-um-Marsus” (ərəb dilindən tərcümədə “Möhkəm divar”) adlı hərbi əməliyyata start verib və bu addımı Hindistanın hücumlarına cavab kimi qiymətləndirib. Əməliyyat çərçivəsində Cammu və Kəşmirdə yerləşən Udhampur və Pathankot aviabazaları, eləcə də Pəncab əyalətindəki raket obyektləri hədəfə alınıb. Bu, son onilliklərdə Hindistan və Pakistan arasında baş vermiş ən böyük hərbi gərginlik sayılır.