BAKI, 10 may. TELEQRAF
"Bilirəm, sizdə də, bizdə də - bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşü zamanı deyib.
Dövlət başçısı daha sonra əlavə edib: "Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik. Siz - yaşlı nəslin nümayəndələri sovet dövrünü xatırlayırsınız. O vaxt sizin yanınızda yaşayan, bizim torpaqlarımıza çar Rusiyası tərəfindən köçürülən ermənilər bizə, xalqımıza, xüsusilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlılara mənfi münasibət göstərirdilər, həm Xocalıda, həm Şuşada onlar mənəvi əzab çəkirdilər. Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.
Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış - hamınız birlikdə bu bölgəni - Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq".