EN

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra DTX-nin akt zalında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, bu qurumun inkişafındakı müstəsna xidmətləri və milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı məlumat verib. O bildirib ki, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət prinsipləri bu gün də Xidmətin şəxsi heyəti üçün əsas meyardır.

Əli Nağıyev qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılıb. Bu dövr respublikada bütün sahələrin hərtərəfli inkişafı, dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə xarakterizə olunur.

Xidmət rəisi vurğulayıb ki, Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb və təhlükəsizlik orqanlarının fəaliyyəti də dövlət başçısının diqqət və qayğısı nəticəsində keyfiyyətcə yeni mərhələyə keçib. O, DTX əməkdaşlarının bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə icra edəcəklərini bildirib.

Tədbir digər çıxışlarla davam etdirilib, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

 

 

 


Telegram kanalımız
Chosen
0
41
yenisabah.az

10Sources