EN

Azərbaycan regionda metan tullantılarının azaldılmasına diqqət edən yeganə ölkədir BEA hesabatını açıqladı

BAKI, 7 may. TELEQRAF

Neft və qaz hasilatının artmasına baxmayaraq Azərbaycan metan tullantılarının azaldılması öhdəliklərinə əməl edir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, bir sıra iri tullantı mənbələri olan ölkələr hələ də metan tullantılarının azaldılmasına dair öhdəlik götürməyib:

“Azərbaycan Qlobal Metan Qazı Öhdəliyi (GMP), Neft və Qazın Dekarbonizasiyası Xartiyası (OGDC), Neft və Qaz üzrə Metan Tərəfdaşlığı 2.0 (OGMP) və digər metan qazı ilə bağlı təşəbbüslərə əməl edir. Dünyada neft və qaz sənayesinin təxminən yarısı hələ də metan tullantılarının sıfıra yaxınlaşdırılmasına dair hədəflər müəyyən etməyib. Bu da sektorun əsasən hökumətlərin təşəbbüslərini izləməsindən qaynaqlanır. Belə ki, qlobal hasilatın yalnız təxminən 5%-i sırf könüllü sənayenin payına düşür".

Azərbaycan Metan Xəbərdarlığı və Reaksiya Sisteminin bildirişlərinə uğurlu reaksiya göstərib

Hesabata görə, çoxlu tullantıya səbəb olan hadisələrin aradan qaldırılması və həlli üçün həm hökumətlərin, həm də operatorların hərəkətə keçməsi tələb olunur:

"Hökumətlər və OGMP 2.0 operatorları Beynəlxalq Metan Emissiyaları Rəsədxanasından (IMEO) bildiriş almaq üçün Metan Xəbərdarlığı və Reaksiya Sistemi (MARS) üzrə əlaqələndirici şəxs təyin edə bilərlər. Bu günə qədər 20 ölkə bu addımı atıb.MARS-ın bildirişlərinə vaxtında reaksiya verilməsi nəticəsində Azərbaycan, Əlcəzair, Argentina, Nigeriya və ABŞ metan tullantılarının azaldılmasına nail olublar".

Azərbaycan regionda orta göstəricidən aşağı metan intensivliyi nümayiş etdirən yeganə ölkədir

Agentliyin analitikləri qeyd edib ki, Avrasiya regionunda yerləşən qalıq yanacaq sektoru 2024-cü ildə 22 milyon ton metan tullantısına səbəb olub:

“Bu tullantıların 60%-dən çoxu Rusiyadan qaynaqlanır. Bu ölkədə neft və qaz sektoru təxminən 10 milyon ton, kömür mədənləri isə 4 milyon ton metan buraxıb. Rusiya Qlobal Metan Qaz Öhdəliyinə qoşulmayan yeganə istehsalçıdır. Neft və qaz sektorunda hasilat mərhələsində metan intensivliyi əksər ölkələrdə yüksəkdir, Türkmənistan isə dünyada ikinci ən yüksək intensivliyə malik ölkədir. Regionda yalnız Azərbaycan qlobal orta göstəricidən daha aşağı intensivlik nümayiş etdirən istehsalçıdır”.

Hesabatda vurğulanıb ki, Avrasiya regionundakı bütün əsas tullantı mənbəsi olan ölkələr “2030-cu ilə qədər sıfır məşəldə müntəzəm yandırma” təşəbbüsündə iştirak edir.

Avrasiya ölkələrinin heç biri metan tullantılarının azaldılması ilə bağlı hədəf müəyyən etməyib və qalıq yanacaq mənbələrindən metan tullantılarının azaldılmasına dair fəaliyyət planı dərc etməyib.

Azərbaycan SOCAR vasitəsilə beynəlxalq təşəbbüslərə aktiv şəkildə qoşulub

Sənəddə bildirilir ki, regiondan bir çox milli neft şirkətləri OGDC-yə qoşulub, bunlara SOCAR (Azərbaycan), “KazMunayGas” (Qazaxıstan) və “Uzbekneftegaz” (Özbəkistan) daxildir.

Məlumata görə, metanla bağlı öhdəliklər qlobal qalıq yanacaq istehsalının 80%-ni əhatə edir, bu sahədə ən böyük təşəbbüs Qlobal Metan Qazı Öhdəliyidir (GMP). 2024-cü ildə Azərbaycan, Tacikistan, Qvatemala və Madaqaskar GMP-yə qoşulub və iştirakçı ölkələrin sayı 159-a (Avropa İttifaqı ilə birlikdə) çatıb. GMP artıq insan fəaliyyəti nəticəsində yaranan qlobal metan tullantılarının 50%-dən çoxunu əhatə edir.Öhdəliyə qoşulan ölkələr 2020-ci illə müqayisədə 2030-cu ilə qədərmetan tullantılarını ən azı 30% azaltmaq üçün birgə fəaliyyətə razılıq veriblər. Növbəti on ildə qlobal metan tullantılarının 30% azaldılmasının qlobal istiləşməyə göstərəcəyi təsir nəqliyyat sektorunun sıfır karbon emissiyasına bərabərdir.

Chosen
0
teleqraf.com

1Sources