Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
"Eyni zamanda, yaradıcı sahələrdə də süni intellektin təsiri hiss olunmağa başlayıb. Kontent yazarlığı, dizayn və ilkin hüquqi təhlil kimi işlərdə generativ modellərdən istifadə edilir. Bu, əsasən standart və şablon yanaşmalarla işləyən mütəxəssisləri əvəz edə bilər. Startaplar və korporasiyalar artıq bu texnologiyalardan istifadə edərək xərcləri azaltmaq və sürəti artırmaq üçün ciddi addımlar atırlar.
Bu tendensiya peşə seçimi və kadr hazırlığı strategiyalarını dəyişdirməyi zəruri edir. Gənclər artıq yalnız texniki biliklərlə deyil, analitik düşüncə, emosional zəka və yaradıcılıq kimi insana xas bacarıqlarla da təchiz olunmalıdır. Süni intellektin yaratdığı təhdidlərə qarşı dayanıqlı olmaq üçün insan resurslarının innovasiya və çevikliyə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır".

Mütəxəssis bildirib ki, süni intellekt hazırda heç bir peşəni tam əldən ala bilməz, sadəcə təsir edə bilər:
"Çünki hal-hazırda heç bir işi özü tək başına görə bilmir. Son nəticədə hər zaman insan faktoru rol oynayır. Daha sonrakı illərdə yavaş-yavaş peşələr insanların əlindən çıxa bilər. Məsələn, bu gün süni intellektin ən yaxşı bacardığı iş analitik, kontent, korrektə işləridir. Bunlarda son nəticəni insanlar müəyyən edir. Ancaq bir redaksiyada 10 nəfər işləyirdisə, sayı 3-ə enəcək. Bu o deməkdir ki, süni intellekt işçi sayının azalmasına və bir nəfərin işinin səmərəliliyinin artmasına xidmət edir. Hələ bir neçə il süni intellekt peşələri insanlardan ala bilməyəcək, çünki insiyativi yoxdur və bəzən verilən tapşırıqlardan kənara çıxır".
Əfsanə Kamal
Demokrat.az