AZ

Sərxan Hacıyev: Milli komandada yeni futbolçular olacaq - MÜSAHİBƏ

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Teleqraf-ın suallarını cavablandırıb.

Milli assosiasiya rəsmisi müsahibəsində gündəmdə olan bir sıra mövzularla bağlı fikirlərini bölüşüb:

- Mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatı start götürəcək. Yarışın təşkilatçılığı və milli komandadan gözləntiləriniz nədir?
- Əminik ki, hazırlıq baxımından dünya çempionatı çox yüksək səviyyədə təşkil olunacaq. Bunun üçün Azərbaycan Minifutbol Federasiyası rəhbərlik və əməkdaşlar səviyyəsində əllərindən gələni edəcəklər. İdman baxımından da, milli komandamızın çox güclü mübarizə aparacağına, əzmkar oyun və qələbələrlə azarkeşləri sevindirəcəyinə inanırıq.

- Azərbaycan Kubokunun finalından gözləntiniz necədir?
- Final matçı hər zamankı kimi çox maraqlı olacaq. "Qarabağ" və "Sabah" komandaları arasındakı görüşün həm təşkilatçılığından, həm də oyunun özündən azarkeşlərin zövq alacaqlarına əminik. Hər iki komanda güclüdür. Düşünürük ki, mübarizəli oyun görəcəyik. Fürsətdən istifadə edərək, azarkeşləri stadiona dəvət edirik.

- Premyer Liqa klublarına illik ödənişlərin 500 min manat azaldılması onlara necə təsir edəcək?
- Bu məsələni zamana buraxsaq, daha yaxşı olar. Təsirini zamanla görəcəyik.

- I Liqada komanda sayının artırılması gündəmdədirmi?
- Bu gün komanda sayının artırılması gündəmdə deyil. Lakin mayın sonları - iyunun əvvəllərində AFFA İcraiyyə Komitəsinin iclası gözlənilir. Toplantıda hansı istiqamətdə danışıqların gedəcəyini zaman göstərəcək. Lakin hazırda gündəmdə belə məsələ yoxdur.

- ASCO Arena ilə "Səbail" klubu arasında müqavilə başa çatıb. I Liqaya enən klub gələn mövsüm də bu arenadan yararlana biləcəkmi?
- Bu məsələ ilə bağlı yaxın zamanlarda açıqlama veriləcək.

- "İmişli"nin Bakıda məskunlaşmasına münasibətiniz necədir?
- Bu məsələni də zamana buraxaq. Elə məsələdir ki, İcraiyyə Komitəsində müzakirə olunmalı, daha sonra ictimaiyyətə açıqlama verilməlidir.

- Millinin baş məşqçisi Fernandu Santuş bütün liqalardakı oyunları izləyir. Sizcə, yığmanın heyətində yeni adlar görə biləcəyikmi?
- Santuş hətta Əvəzedicilər Liqasının oyunlarını izləyir, futbolçular haqqında daim məlumatlar əldə edir. Ona görə də qarşıdan gələn oyunlarda da indiyədək dəvət olunmamış futbolçular siyahıda ola bilər. Lakin bu, baş məşqçinin tam səlahiyyətində olduğu üçün növbəti siyahının açıqlanmasını gözləməyimiz daha yaxşı olar.

Seçilən
0
teleqraf.com

1Mənbələr