AZ

Rəsmi yazışmalarda emojilərdən istifadə etmək olar? - Dilçi alimdən AÇIQLAMA

Müasir dövrdə rəqəmsal ünsiyyət formalarının artması ilə yanaşı, emojilər də gündəlik yazışmalarda geniş yer almağa başlayıb.

Bəs bu rəngarəng simvollar rəsmi danışıqlarda nə dərəcədə məqbul sayılır?

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva rəsmi yazışmalarda və ümumilikdə ünsiyyətdə emojilərdən istifadəyə qarşı olduğunu bildirib.

Professor Sevinc Əliyeva Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Azərbaycan dili zəngin və ahəngdar dildir, bu baxımdan ünsiyyətdə emojilərə ehtiyac yoxdur:

“Bizim dilimiz gözəldir, zəngindir və ən gözəl ünsiyyət vasitəsidir. Təəssüf ki, xüsusilə gənclərimiz sosial şəbəkələrdə və gündəlik yazışmalarda sözlərdən istifadə etmədən yalnız emojilərlə fikir ifadə edirlər. Bu, dilimizin imkanlarından istifadə etməmək deməkdir”.

Professor əlavə edib ki, “tşk”, “slm”, “ok” kimi ixtisarlar da dilin quruluşuna uyğun deyil və bu, Azərbaycan dilinin fonetik ahənginə ziddir:

“Bizim dilimiz ərəb və ya ingilis dilinə uyğunlaşdırılmamalıdır. Azərbaycan dilində bütün fikirləri ifadə etməyə imkan verən sözlər və ifadələr mövcuddur. Hətta bu gün şəkilçilərin də ixtisarı təklif olunur ki, bu, dilimizin strukturuna birbaşa təhdiddir”.

Rəsmi yazışmalar kontekstində isə Sevinc Əliyeva bu məsələdə daha qəti mövqe sərgiləyir:
 

“Rəsmi danışıqlarda emojilərdən istifadə yolverilməzdir. Bu, başqa xalqların ünsiyyət vasitəsidir. Biz dilimizi qorumalı, milliləşməliyik. Yazışmalarda emosiyanı emojilərlə ifadə etmək qeyri-mümkündür. Biz emosional xalqıq, danışarkən mimika və jestlərimizlə hisslərimizi ötürürük. Lakin bunları yazılı formada yalnız sözlərlə ifadə etməliyik”.


Professor Sevinc Əliyeva gənc nəslə çağırış edərək, yazışmalarda sözlərin tam və düzgün formada işlədilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə maarifləndirmənin gücləndirilməsini tövsiyə edib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr