AZ

Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? - Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var.

Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Seymur Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

S.Qurbanov bir nəfərdən Səfərbərlik Xidmətində işə düzəldəcəyi vədi ilə 13 min manat alıb. Bir nəfərdən də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birində keçməsinə kömək edəcəyi adı ilə 5 min manat alıb. Həmin şəxs S.Qurbanovun əsgər yoldaşının oğlu olub.

Daha bir nəfərə Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində hərbi qulluqçu kimi xidmətə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib 14 min manat alıb.

Sabiq rəsi elan edilmiş bu ittihamlarla özünü təqsirli bilib. Deyib ki, dələduzluq əməli törətməsindən çox peşmandır.

Ona qarşı digər ittiham rüşvətdir. İstintaqla müəyyən edilib ki, Seymur Qurbanov Şuşa şəhər sakini olan çağırışçıdan həmin xidmətin müfəttişi vasitəsi ilə 4800 manat alaraq onun 3 il müddətə növbəti hərbi çağırışdan möhlət hüququnun verilməsi üçün əsas verəcək müvafiq tibbi sənədin əldə edib. Ona burun çəpərinin əyriliyi diaqnozu qoyulub.

Daha üç nəfərdən eyni məqsədlə 4000-4500 manat arası vəsaiti rüşvət qismində alaraq onların 1-3 il arası hərbi xidmətdən möhlət almalarına şəarait yaradıb.

Maraqlıdır ki, Qurbanov bu ittihamla özünü təqsirli bilməyib və həmin şəxsləri tanımadığını deyib. Amma istintaqla müəyyən edilib ki, həqiqətən də S.Qurbanovun pul aldığı şəxslərin səhhətində problem olması ilə bağlı tibbi arayışlar alınıb. Bu arayışların hansı formada və kimlər tərəfindən əldə edilməsi məlum deyil.

Bu faktın istintaq orqanı tərəfindən araşdırılıb-araşdırılmadığı da məlum deyil.

“İttihamın dələduzluq hissəsini qəbul edirəm. Lakin rüşvət almamışam. İşə düzəlmək adı ilə aldığım 13 min və 15 min manatı geri qaytarmışam. Həmçinin 5 min manatı da iş alınmadığı üçün geri ödəmişəm”, - deyən S.Qurbanov bildirib ki, ittihamda göstərilən digər epizodları qəbul etmir.

Onun sözlərinə görə, ittihamda adı çəkilən şəxslərin sağlamlıqları ilə bağlı problemlərinin olması, hərbi xidmətdən bir neçə il yayınmaları barədə heç nə bilmir.

Rüşvət ittihamı ilə bağlı dindirilən şahidlər qeyd ediblər ki, hərbi xidmətdən möhlət almaq üçün lazım olan məbləği şəxsən Seymur Qurbanovun özünə onun xidməti otağında veriblər.

Onlar da qeyd edib ki, S.Qurbanovun onların səhhəti ilə bağlı problemin olması haqda arayışı necə və hansı şəkildə almasından xəbərləri olmayıb.

Bu cinayət işində açıq qalan suallardan biri də məhz budur: Çağırışçıların səhhətində problem olması ilə bağlı arayışları Seymur Qurbanova kim verirmiş? Görünən budur ki, S.Qurbanov həbsə getsə də, bu epizodlarda susaraq kimlərisə qoruyub.

İ.Muradov
Musavat.com

Seçilən
0
4
musavat.com

5Mənbələr