Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın XVI əsrdə Osmanlı imperiyasının Səfəvilər dövləti üzərində qələbə qazanması ilə nəticələnmiş döyüşü – Çaldıran döyüşünü “türk, kürd, ərəbin ortaq qələbəsi” adlandırması hazırda sosial medianın Azərbaycan seqmentində ciddi müzakirə edilməkdədir.
Türkiyə Prezidentinin bu açıqlaması ictimai səviyyədən siyasi səviyyəyə keçə, Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Türkiyə Prezidentinin Çaldıran döyüşü ilə bağlı dedikləri həm Türkiyə, həm Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb: “Amma hesab etmirəm ki, bu tipli tarixi hadisələr bu gün yenidən müzakirə olunmalı, xüsusilə mövzu ilə bağlı hansısa siyasi fikirlər söylənməlidir. 500 il öncə baş vermiş hadisəni müasir dövrümüzə gətirib Azərbaycan-Türkiyə münasibətlərinə şamil etmək doğru yanaşma deyil. Sözügedən ifadə bəlkə də uğurla seçilməmiş bir ifadədir, Azərbaycan cəmiyyətində buna müəyyən həssaslıqlar var, onu nəzərə almaq gərəkdir. Lakin məsələni böyütmək və müzakirələri başqa müstəviyə yönləndirmək lazım deyil. Bu tipli məsələlərə siyasətçilərdən, ictimai xadimlərdən çox tarixçilər münasibət bildirməli və qiymət verməlidirlər”.

Medianews.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib ki, Türkiyə Prezidentinin açıqlaması ətrafında bir ajiotaj yaranıb. Amma Ə.Oruclu hesab edir ki, buna soyuqqanlı yanaşmaq lazımdır: “Mən Türkiyə Prezidentinin tarix haqqında bilgilərinin nə dərəcədə dərin olduğunu deyə bilmərəm. Amma bir siyasətçi kimi Rəcəb Tayyib Ərdoğan maraqları tələb edəndə tarixi faktları istədiyi kimi, özünə sərf edən şəkildə yozmağı bacarır. İndi o, yeni bir “kürd açılımı”na başlayıb. Bu özünü həm PPK-nın buraxılması, Suriyadakı separatçı kürd qruplaşmalarının – YPG/PYD-nin tərk-silah olunması qərarlarının qəbul edilməsində, həm də Ankaranın Suriya prosesinə müdaxiləsi, ərəb ölkələri ilə münasibətləri yeni formatda qurmaq istəyində özünü göstərir. İndi Ərdoğan hesab edir ki, bu proseslər ondan məhz “türk, kürd, ərəbin ortaq qələbəsi” tipli bəyanatlar tələb edir. Ona görə təəccüblənmək lazım deyil. Hətta deyərdim ciddi əhəmiyyət vermək də lazım deyil. Sabah Rəcəb Tayyib Ərdoğanın marağı tələb etsə tam fərqli açıqlamalar da verə bilər. Məsələn, deyə bilər ki, vaxtilə Çanaqqalada yunanlar Atlanta dövlətləri ilə bir yerdə Türkiyəyə qarşı döyüşməyib, türklərlə çiyin-çiyinə Fransa və İngiltərəyə qarşı döyüşüb. Yaxud oxşar sözləri ermənilərlə bağlı da deyə bilər. Ona görə belə məqamları ciddiyə alıb siyasi müzakirə predmentinə çevirmək lazım deyil.
Ərdoğanın Çaldıran döyüşü haqda dediklərinin Azərbaycan-Türkiyə münasibətlərinə siyasi cəhətdən təsir edib-etməyəcəyinə gəlincə, Ə.Oruclu vurğulayıb: “İnanmıram ki, təsir etsin. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanda hər kəs bunun nə demək olduğunu, belə açıqlamaların niyyətini, məqsədini yaxşı başa düşür. Azərbaycanda siyasi qərar verən, dövlətlərarası münasibətləri quran, qoruyub saxlayan hakimiyyət nümayəndələrinin bu açıqlamanı ciddiyə alacağına inanmıram”.