"Əvvəllər serial asılılığı daha çox evdar qadınlarda rast gəlinirdisə, indi artıq kişilər və gənclər arasında da geniş yayılıb".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanlar müəyyən bir seriala emosional olaraq bağlanır və onun qəhrəmanlarının həyatını izləməkdən zövq alırlar:
"Hadisələrin gedişinə emosional reaksiyalar verir və nəticədə ekran qarşısında keçirdikləri vaxt onların gündəlik həyat ritmini ciddi şəkildə dəyişir. Serial asılılığının əsas səbəblərindən biri insanların real həyatdan qaçmaq ehtiyacıdır.
Gündəlik həyatın stressi, problemləri, qarşılanmayan emosional ehtiyacları insanları daha sakit, təhlükəsiz və nəzarət edilə bilən bir aləmə, serial dünyasına yönəldir. Burada onlar real problemlərdən uzaqlaşır, bəzən serial qəhrəmanlarının yerinə özlərini qoyur, onların yaşadıqlarını öz həyatlarında hiss edirlər".
Ekspert qeyd edib ki, digər bir səbəb isə emosional boşluq və təkliyin yaratdığı ehtiyacdır:
"Serial qəhrəmanları ilə qurulan bağ bir növ sosial münasibətlərin yerini tutur. Bu xüsusilə yalnız yaşayan və ya gündəlik həyatında kifayət qədər sosial dəstək almayan insanlar üçün daha qabarıq şəkildə ortaya çıxır. Eyni zamanda, seriallar beynin mükafat mexanizmini stimullaşdırır.
Davamlı intriqa, sürətli emosional dəyişikliklər, maraqlı süjetlər beyində dopamin ifrazını artırır və bu da həmin hislərə yenidən qayıtmaq istəyini doğurur. Nəticədə, insan öz gündəlik işlərini, məsuliyyətlərini, hətta sosial əlaqələrini belə ikinci plana keçirərək serial izləməyə üstünlük verir. İnsanlar seriala "bir seriyaya baxım, sonra işə başlayaram" deyə yaxınlaşır, lakin bir neçə seriyanın ard-arda izlənməsi nəticəsində planlarını təxirə salırlar".
Psixoloq vurğulayıb ki, bu isə uzunmüddətli narazılıq, özünü günahlandırma və vaxt itkisi ilə nəticələnir:
"Serial qəhrəmanları ilə özünü eyniləşdirmək də bu asılılığın başqa bir təməlində dayanır. İnsan izlədiyi obrazlarda bəzən öz istədiyi şəxsiyyəti, yaşamaq istədiyi həyatı və ya həll edə bilmədiyi daxili mübarizələrin simvolunu görür. Onların mübarizəsini izləmək, uğurlarına sevinmək və ya itkilərinə kədərlənmək bir növ aidiyyət hissi yaradır".
Ülviyyə İlqarın sözlərinə görə, rəsmi diaqnostik meyarlarda "serial asılılığı" ayrıca bir diaqnoz kimi yer almır:
"Lakin bu, davranış asılılıq çərçivəsində qiymətləndirilə bilər. Əgər bu hal insanın gündəlik fəaliyyətlərini, işini, yuxusunu, sosial münasibətlərini pozursa və şəxs öz iradəsi ilə bu vərdişi dayandıra bilmirsə, bu, artıq psixoloji müdaxilə tələb edən bir problemdir.
Serial izləmək özü-özlüyündə bir problem deyil. Problem nəzarətsiz hala gəlməsidir. Həyatla balansı qorumaq, real münasibətləri və şəxsi inkişafı ikinci plana atmamaq hər zaman ön planda tutulmalıdır".
Pərviz