AZ

Türkiyəli ekspert: Ankara Cənubi Qafqazda Parisin addımlarını diqqətlə izləməlidir

Ankara, 19 may, AZƏRTAC

Türkiyə Fransanın uzunmüddətli regional aktora çevrilmək cəhdləri fonunda Cənubi Qafqazda Parisin addımlarını yaxından izləməlidir. Yelisey sarayı tərəfindən Ermənistan həm hərbi-siyasi təsir rıçaqlarından, həm də “yumşaq güc”dən istifadə olunan strategiyanın həyata keçirilməsi üçün “qapı” qismində qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Milli Müdafiə Universitetinin dosenti Osman Qazi Kandemir “Independent Türkçe” nəşrinin səhifələrində dərc olunan yazısında bildirib.

O hesab edir ki, Fransa Cənubi Qafqazda Rusiyanın yerini tutmağa çalışır və buna görə də həm Ermənistanı silahla təmin etmək, həm də digər sahələrdə İrəvana dəstək vermək üzrə aktiv addımlar atır.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələrini xatırladan Kandemir yazır: “Fransa Ermənistanı birbaşa silahla təmin edən Qərb dövlətinə çevrilib. Üstəlik, silah həcmləri simvolik deyil, Ermənistan ordusunun yenidən qurulmasına dəstək məqsədi daşıyır”.

Ekspert Emmanuel Makron administrasiyası və Fransa parlamentinin Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə beynəlxalq arenada təhrif olunmuş baxışı fəal şəkildə təbliğ etməsinin heç də təsadüfi olmadığını bildirib. O, buna misal olaraq, Fransa Senatının Bakıya qarşı açıq ittihamları ehtiva edən qərəzli qətnamələrini göstərib.

Türkiyənin Milli Müdafiə Universitetinin müəllimi daha sonra Parisin Ermənistana mədəni və təhsil “müdaxiləsi”nə diqqət çəkib. Müəllif qeyd edib: “Son iki ildə İrəvanda Fransa universitetlərinin nümayəndəlikləri açılıb, Ermənistanda fransız dili və mədəniyyətinin təbliği ilə məşğul olan təşkilatlar modernləşdirilib. Çoxsaylı tələbə mübadiləsi proqramlarına start verilib. Bütün bunlar Fransanın regionda uzunmüddətli təsirini təmin etmək istəyini təsdiqləyir”. O əlavə edib ki, Paris Avropa İttifaqının kursu çərçivəsindən kənara çıxaraq, İrəvanla dövlət başçıları səviyyəsi də daxil olmaqla, ayrıca sıx təmaslar qurub.

Kandemir qeyd edib: “Fransa bu gün sadəcə Ermənistanı dəstəkləyən dövlət deyil, həm də Türkiyə və Azərbaycanın birgə addımları fonunda Cənubi Qafqazda təsirini genişləndirməyə, Moskvanın yerini doldurmağa və dolayısı ilə prosesləri “tarazlaşdırmağa” çalışan bir aktordur”.

Onun fikrincə, Cənubi Qafqazda münasibətlərin normallaşacağı təqdirdə Fransa və digər regiondankənar aktorların regionda təsiri azalacaq, Ankara isə Ermənistandakı proseslərə təsir imkanı əldə edəcəkdir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
0
azertag.az

1Mənbələr