AZ

Rumıniyada keçirilən prezident seçkilərində avropapərəst namizəd Nikuşor Dan qalib gəlib

“AFP” ölkənin seçki bürosunun məlumatlarına istinadən xəbər verir ki, səslərin 99%-i hesablandıqdan sonra Avropayönlü namizəd, Buxarest meri Nikuşor Dan 54% səslə Rumıniyada keçirilən prezident seçkilərində qalib gəlib.

Danın qələbəsini Şəhər və Regional Sosiologiya Mərkəzi (CURS) və “Avangard Sosial” Davranış Tədqiqat Qrupu tərəfindən aparılan exit-poll məlumatları da təsdiqləyib.

55 yaşlı Nikuşor Dan təhsili üzrə riyaziyyatçıdır, sağ mərkəzçi Rumıniyaya Xilas Birliyinin (USR) qurucusu və Buxarestin hazırkı meridir.

İkinci turda onun rəqibi 46 faiz səs toplayan ifrat sağçı Rumınların Birləşməsi Alyansının (AUR) rəhbəri Corc Simion olub. Simion Trampist, avroskeptik və Ukraynaya hərbi yardımın əleyhdarıdır. O, ilk turda 40%-dən çox səs toplayaraq lider olub. Birinci turda Dan təxminən 21% topladı.

Eyni zamanda, Simion əvvəlcə ilkin məlumatları rədd edib və öz qələbəsini elan edib. O, səsvermə məntəqələri bağlandıqdan sonra Buxarestdə canlı efirdə tərəfdarlarına deyib: "Biz bu seçkinin açıq qalibləriyik. "Biz bu qələbəni Rumıniya xalqı adına elan edirik".

O, Facebook və X mikrobloqlar şəbəkəsində oxşar bəyanatlar verib. O, daha sonra məğlubiyyətini etiraf edib və Danı təbrik edib.

"O, seçkilərdə qalib gəldi və bu, Rumıniya xalqının iradəsi idi" deyə Simion yazıb. Sağ mərkəzçi Nikuçor Dan kampaniyasında korrupsiyaya qarşı mübarizə aparacağını və Rumıniyanı Avropa yolunda möhkəm saxlayacağını vəd edib. O, Ukraynaya hərbi yardımın davamlı tərəfdarıdır.

Görünən odur ki, Buxarestin liberal meri Avropayönlü elektoratı öz namizədliyi ətrafında birləşdirə və səfərbər edə bilib.

Mərkəzi Seçki Bürosunun məlumatına görə, ikinci turda seçici fəallığı demək olar ki, 65% təşkil edib ki, bu da son iyirmi ilin rekordudur, “BBC” qeyd edir.

Bu, artıq Rumıniya prezidentini seçmək üçün ikinci cəhddir. 2024-cü ilin dekabrında Konstitusiya Məhkəməsi ultra-millətçi Kelin Corceskunun gözlənilmədən lider kimi çıxdığı birinci turun nəticələrini ləğv etdi. Rumıniya hakimiyyəti daha sonra Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı məlumatlara malik olduğunu bəyan edib. Corceskunun təkrar seçkilərdə iştirakına icazə verilməyib.

Almaz Həsənli

Seçilən
0
oxumeni.az

1Mənbələr