AZ

"Türk-Xaqan" yazısı həkk edilmiş qədim sikkə tapılıb



Üzərində "Türk-Xaqan" yazısı həkk edilən və VI əsrə aid olan sikkə tapılıb. Alimlərin fikrincə, bu tapıntı tarixin yenidən yazılmasına səbəb ola bilər.

Reyting.az
xəbər verir ki, Özbəkistan Respublikası ərazisində aşkar edilən bu arxeoloji tapıntının üzərindəki "Türk-Xaqan" yazısı və VI əsrə aid qədim sikkə tədqiqatçıları heyrətə gətirib.

"Archeonews" portalı yazır ki, yeni tapıntı Türk xaqanlığının ilk dövrləri, "Türk" etnoniminin ilk yazılı mənbəsi ilə bağlı alimlər arasında formalaşmış bütün elmi nəzəriyyələri, təsəvvürləri kökündən dəyişə bilər.

Paytaxt şəhəri Daşkənd yaxınlığında aşkar edilən bu sikkə Qərbi Türk Xaqanlığı dövrünə aiddir. Tapıntını tədqiq edən aparıcı ekspert, Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin professoru Qaybulla Babayarov soqd qrafikası ilə yazılmış bu yazının "twrk x'γ'n"– "Türk-Xaqan" kimi deşifrəsini açıb. Alimlər qeyd ediblər ki, yeni kəşf terminin tarixinin bundan əvvəl sənədləşdirilmiş, istifadə edilən qədim mənbələrdən təxminən bir əsr yarım əvvələ gedib çıxır.

"Əvvəllər alimlər belə hesab edirdilər ki, "Türk-Xaqan" ifadəsinə qədim tarixdə ilk dəfə VIII əsrin əvvəllərinə aid olan Orxon yazılarında rast gəlinib. Lakin bunun elmi baxımdan yanlış olduğu üzə çıxdı",- deyə professor Babayarov qeyd edib.

Alim xatırladıb ki, yeni tapılan Türk sikkəsi tədqiqatçıları elmə məlum olan tarixdən daha öncəyə, 6-cı əsrin sonuna, 7-ci əsrin əvvəllərinə aparır. Yeni aşkarlanmış qədim və nadir tapıntı üzərində aparılan araşdırmalar bir daha tədqiqatçıların irəli sürdüyü elmi ehtimalı doğruldur və Türk sikkəsinin tarixinin eramızın 580-610-cu illərinə aid olduğunu sübuta yetirir.

Oqtay QORÇU
Seçilən
0
reyting.az

1Mənbələr