Qətər kral ailəsinin ABŞ prezidenti Donald Trampa lüks sinifli “Boeing 747-8” təyyarəsini hədiyyə etməsi tamamilə qanunidir və amerikalı hüquqşünaslar tərəfindən təsdiqlənib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.
“Bu tamamilə qanuni bir hədiyyədir. Ağ Evin hüquq müşaviri və Ədliyyə Nazirliyi tərəfindən yoxlanılıb”, – deyə o, ABC News telekanalına müsahibəsində bildirib.
Uitkoff qeyd edib ki, Qətərin “uçan saray”ı hədiyyə etməsi qərarı ABŞ-ın bu Yaxın Şərq ölkəsi üçün çox işlər görməsi ilə bağlıdır: “Mən anlamıram, kim bunu qətərlilərin hansısa üstünlük əldə etmək cəhdi kimi qiymətləndirə bilər”.
Qeyd edək ki, mayın 11-də ABC News mənbələrə istinadən xəbər verib ki, Qətər kral ailəsi ABŞ prezidentinə “uçan saray” hədiyyə etməyi planlaşdırır. Bu, ABŞ-ın xarici dövlətdən aldığı ən bahalı hədiyyələrdən biri ola bilər.
Musavat.com