BAKI, TurkicWorld
Avropa İttifaqı (Aİ) İsrailin Qəzza zolağına etdiyi hücumları sərt şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki. bu barədə Avropa İttifaqı Komissiyasının Bərabərlik və Böhran İdarəçiliyindən məsul üzvü Haca Lahbib açıqlama verib.
O, İsrailin Qəzzaya qarşı yenidən başladığı hücumların çoxsaylı mülki itkilərə səbəb olduğunu bildirərək, bunun beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu qeyd edib.
“İsrailin Qəzzaya qarşı yenidən başlatdığı hücumlar mülki əhalinin ölümünə, xəstəxanaların və tibb işçilərinin hədəf alınmasına səbəb oldu. Bu, beynəlxalq hüququn açıq pozuntusudur. Bu hal dərhal sona çatmalıdır” – deyə, açıqlamada bildirilib.
O, sabah başlayacaq və iki gün davam edəcək IV Avropa Humanitar Forumu çərçivəsində məsələnin müzakirə olunacağını da əlavə edib.
Brüsseldə keçiriləcək foruma BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini və Təcili Yardım Koordinatoru Tom Fletçer, BMT Dünya Ərzaq Proqramının direktoru Sindi MakGeyn və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) komissarı Filipp Lazzarini kimi beynəlxalq təşkilat rəhbərlərinin də qatılacağı gözlənilir.
Qeyd edək ki, İsrail ordusu, yanvarın 19-da qüvvəyə minmiş atəşkəsi martın 18-də pozaraq Qəzzaya qarşı genişmiqyaslı hücumlara yenidən start verib.
Bu hücumlar nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət olmaqla 3 min 193 fələstinli həyatını itirib, 8 min 993 nəfər yaralanıb.
2023-cü ilin oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına etdiyi hücumlar nəticəsində ölən fələstinlilərin ümumi sayı 53 min 339-a, yaralıların sayı isə 121 min 34-ə çatıb.