AZ

Bu gün Beynəlxalq Uşaq Qaynar Xətləri Günüdür

Bu gün - 17 May Beynəlxalq Uşaq Qaynar Xətləri Günüdür.

Teleqraf xəbər verir ki, bu gün dünyanın əksər ölkələrində “Beynəlxalq Uşaq Qaynar Xətləri Günü” kimi qeyd olunur.

Beynəlxalq Uşaq Qaynar Xətlər Şəbəkəsinə 146 ölkədən olan 176 üzv daxildir. Bu şəbəkə vasitəsilə hər il milyonlarla uşağa xidmət göstərilir.

2010-cu ildən Uşaq Qaynar Xətti Azərbaycanda da fəaliyyət göstərir. Ölkəmizdə fəaliyyət göstərən bu xidmət Təhsil Nazirliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, onun üzvü olan “Ümidli gələcək” təşkilatı tərəfindən, həmçinin “Azercell Telekom” şirkəti, UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya baxış” təşkilatlarının dəstəyi ilə yaradılıb.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2010-2024-cü il dekabr ayı daxil olmaqla 75600-dən çox müraciət daxil olub.

“Ötən il Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə ümumilikdə 3635 müraciət daxil olub. Bu müraciətlərdən 1999-u ilkin, 1636-sı isə təkrar müraciətlər olaraq qeydə alınıb. İlkin müraciətlər xidmətlə ilk dəfə əlaqə yaradan şəxslər tərəfindən edilib. Bu müraciətlər əsasən yeni problemlərin bildirilməsi və ya dəstək üçün müraciət edənlərin ilkin məlumatlandırılmasını əhatə edir. Təkrar müraciətlər isə əvvəllər müraciət etmiş şəxslər tərəfindən edilib. Bu müraciətlər, adətən, əvvəlki problemlərin davamı, əlavə dəstək tələbi və ya vəziyyətin monitorinqi ilə bağlı olur.

2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə daxil olan müraciətlərin sahələr üzrə təhlili göstərir ki, zənglərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli məqsədini daşıyır.

Ötən il 18 yaşa qədər olan müraciətlərin yaş kateqoriyasına əsasən, 10 yaşa qədər 39, 11-14 yaş arası 201, 15-18 yaş arası 196 müraciət sayı olub.

Ötən il Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Statistika göstərir ki, zorakılıq hallarına dair müraciətlər daha çox fiziki (343) və psixoloji (237) zorakılıqla bağlıdır. Cinsi zorakılıq (19) müraciətlərinin az görünməsi, bu mövzunun hələ də cəmiyyət tərəfindən açıq müzakirə edilməməsi və müraciət edənlərin çəkinməsi ilə əlaqədar ola bilər. Etinasızlıqla bağlı zorakılıq sayı isə 217-dir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti bu mövzularda fəaliyyətini genişləndirmək üçün zorakılıq hallarını erkən aşkar etmək üçün maarifləndirmə tədbirlərini artıracaq. Zorakılığa məruz qalmış uşaqların psixoloji reabilitasiyası gücləndiriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, üzləşdiyi çətinliklər və problemlərin həllinə dair məsləhətlər vermək, onların müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir. Təklif edilən xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial-təhlükəli vəziyyətdə yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşaq və uşağın problemi ilə bağlı hər kəs üçün nəzərdə tutulub. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən istifadəyə verilmiş 116111 qısa nömrəsi, 4 mobil nömrə, elektron poçt, internet səhifəsi, feysbuk və instaqram sosial şəbəkələri və İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas iş prinsipi -məxfilikdir. Uşaq Qaynar Xəttinə daxil olan bütün məlumatlar məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, əgər problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər.

Seçilən
0
teleqraf.com

1Mənbələr