AZ

Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...


Kamran Əsədov: "Sosial şəbəkə platformaları ilə əməkdaşlıq qurularaq bu cür elanlar dərhal silinməli və hüquqi tədbir görülməlidir"

"Qəbul imtahanında az bal toplamaqdan qorxursansa, bizə müraciət et, balını artıraq”. Qəbul imtahanları dönəmində sosial şəbəkələrdə tez-tez belə elanlara rast gəlmək mümkündür.

Bir qrup şəxslər az bal toplamış abituriyentlərin ballarını artıracaqları vədi ilə onların valideynlərini inandırmağa çalışırlar. İddialara görə, həmin şəxslər bu işi yüksək məbləğ müqabilində görürlər.

Maraqlıdır, imtahan nəticələrinə təsir etmək mümkündürmü? Dövlət İmtahan Mərkəzi (DİM) belə bir “fəaliyyət”dən xəbərdardırmı?

"Belə elanlar yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir və onların müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "qəbul imtahanında az bal toplamaqdan qorxursansa, bizə müraciət et, balını artıraq” kimi çağırışlar son illərdə sosial şəbəkələrdə, xüsusilə də qəbul imtahanları ərəfəsində daha da artan neqativ tendensiyadır. Bu cür elanlar əsasən imtahanda istədiyi nəticəni əldə etməyən abituriyentlərin və onların psixoloji baxımdan həssas vəziyyətdə olan valideynlərinin ümidlərini istismar etməyə yönəlib: "Məsələ təkcə mənəvi baxımdan manipulyasiya deyil, həm də hüquqi baxımdan açıq-aşkar dələduzluq əlamətləri daşıyan cinayət xarakterli fəaliyyətdir. İmtahan nəticələrinə sistemli şəkildə müdaxilə etmək Azərbaycanda faktiki olaraq mümkün deyil. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları, buraxılış, magistratura və doktorantura imtahanları mərkəzləşdirilmiş, rəqəmsallaşdırılmış və ciddi təhlükəsizlik rejimi ilə təşkil olunur. 2024-cü ilin məlumatlarına görə, DİM imtahanlarda cavab kartlarının optik oxuyucu sistemlə avtomatik tanınmasını həyata keçirir. Bu proses insan faktorunu minimuma endirdiyindən, nəticələrin dəyişdirilməsi və ya “bal artırılması” texniki olaraq kənardan müdaxilə ilə mümkün deyil. Həmçinin, cavab vərəqlərinin üzərinə düşən işıq bucağı, karandaşla yazılma dərəcəsi, rəng fərqi və kodlaşdırma sistemləri kimi texniki nüanslar nəticələrin “əl ilə dəyişdirilməsini” istisna edir. DİM öz rəsmi açıqlamalarında bu tip elanların saxta və hüquqa zidd olduğunu, imtahan nəticələrinin yalnız sistem üzərindən, optik oxuma və proqram təminatına əsasən hesablandığını dəfələrlə bəyan edib. Mərkəz bildirir ki, heç bir DİM əməkdaşı və ya üçüncü tərəf imtahan nəticəsinə təsir edə bilməz. Eyni zamanda, belə elanlar yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir və onların müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, “dələduzluq — özgənin əmlakını, yaxud əmlak hüquqlarını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə” cinayət sayılır və belə hallarda 3 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə “bal artırma” vədləri verənlər çox zaman əvvəlcədən pul tələb edir, sonra isə ya qeyb olurlar, ya da sadəcə nəticənin dəyişməyəcəyini sübut edərək müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışırlar".

Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi hallarda bu şəxslər özlərini “DİM-də çalışan tanış” adı ilə təqdim edərək, ictimai etimadı daha da istismar etməyə çalışırlar. Halbuki DİM-in hər bir əməkdaşı konkret kodlaşdırılmış sistemlərə tabedir və orada nəticələrə müdaxilə imkanı qətiyyən yoxdur: "Hətta apellyasiya prosesi belə müəyyən qaydalara əsasən təşkil olunur və həmin prosesdə iştirak edən mütəxəssislər imtahan iştirakçısının şəxsiyyətini tanımadan anonim əsasda suallara baxır. Dünyada qəbul imtahanlarında şəffaflıq və təhlükəsizlik ən çox diqqət edilən məsələlərdəndir. Məsələn, ABŞ-da SAT imtahanlarında cavab kartları çoxmərhələli sistemlə yoxlanılır və nəticələrin dəyişdirilməsi cinayət məsuliyyəti yaradır. Türkiyədə ÖSYM tərəfindən keçirilən imtahanlarda hər hansı nəticə manipulyasiyası istintaq və məhkəmə prosesi ilə nəticələnir. Azərbaycanda da bu sahədə ciddi normativ və texnoloji təminat var, amma problem sosial psixologiyada və informasiya savadsızlığındadır. İnsanlar hələ də “kimsə tanış tapıb bal artıra bilər” düşüncəsi ilə yaşamağa meyllidirlər ki, bu da korrupsiya və informasiyaya inamsızlıq travmasından qaynaqlanır. Bu tip elanlarla mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Valideynlərə və abituriyentlərə məlumatlandırma yönümlü maarifləndirici tədbirlər təşkil olunmalı, DİM bu kimi hallarla bağlı mütəmadi ictimai açıqlamalar verməlidir. Eyni zamanda, sosial şəbəkə platformaları ilə əməkdaşlıq qurularaq bu cür elanlar dərhal silinməli və hüquqi tədbir görülməlidir. Bu istiqamətdə sistemli monitorinq, hüquqi tənzimləmə və ictimai təzyiq gücləndirilməsə, abituriyentlərin emosional zəifliyi üzərindən gəlir əldə etməyə çalışan şəxslər cəmiyyətin etimadını zədələməyə davam edəcək. Nəticədə təhsil sisteminə olan inam zərbə alacaq və insanlar real zəhmət və bacarıqla deyil, aldatma və tanış vasitəsi ilə uğur əldə olunacağı düşüncəsinə sürüklənəcəklər. Bu isə nə cəmiyyət, nə dövlət, nə də təhsil üçün qəbulediləndir".

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr