İsrailin “Kanal 12” telekanalı bildirir ki, rəsmi Təl-Əviv Suriya təmsilçiləri ilə birbaşa və dolayı danışıqlar aparır. Danışıqların iki raundunun keçirildiyi iddia edilir. Onlardan biri Azərbaycanda baş verib və burada İsraili ordusunun əməliyyatlar rəisi, general-mayor Oded Basiuk təmsil edib. Görüşdə Suriya hökuməti və Türkiyə nümayəndələri də iştirak edib.
Mənbələrin bildirdiyinə görə, İsrail hazırda Suriya hakimiyyəti ilə, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçi qismində çıxış edərək Dəməşqin “İbrahim sazişləri”nə mümkün qoşulması məsələsi ilə bağlı danışıqlar aparır. Bundan əvvəl Ər-Riyadda görüş zamanı ABŞ prezidenti Donald Tramp birbaşa olaraq Suriya prezidenti Əhməd əl-Şaraanı bu sazişlərə qoşulmağa dəvət edib. Daha sonra o, “Air Force One” təyyarəsində jurnalistlərə deyib: "Mən əş-Şaraaya dedim ki, ümid edirəm, siz ölkənizdə sabitlik yaranan kimi bu sazişlərə qoşulacaqsınız. O, "bəli" cavabını verdi. Lakin onları qarşıda çox iş gözləyir". “Kanal 12” qeyd edir ki, İsrail indi Suriyanın İranın təsir dairəsini tərk etməsi perspektivini və onun ABŞ-la mümkün yaxınlaşmasını nəzərdən keçirir. İsrail mənbələri bildirirlər ki, Ankara yeni danışıqlarda iştirak etdiyindən, proses İsraillə Türkiyə arasındakı münasibətlərə də müsbət təsir göstərə bilər. Bütün bunlarda Azərbaycan mühüm vasitəçi kimi qəbul olunur. Qeyd edək ki, aprelin 10-da da iki ölkənin - Türkiyə və İsrailin Müdafiə nazirliklərinin nümayəndələri Azərbaycanın paytaxtına gəliblər. Qəzzada il yarım davam edən döyüşlərdən sonra bu ölkələr Suriya ərazisində qarşıdurmanın yeni mərhələsinə qədəm qoyub. Dəməşq hökuməti Ankaraya arxalanır, Türkiyə isə Suriyada hərbi bazalar tikir. İsrail və Türkiyə nümayəndə heyətlərinin Bakıda keçirilən danışıqları ölkələr arasında gərginliyin azaldılması istiqamətində mühüm addım olub. İki müttəfiq arasında barışıq prosesini Vaşinqtonda Benyamin Netanyahu ilə görüşdə ondan Türkiyə ilə münasibətlərdə müdriklik nümayiş etdirməsini xahiş edən Donald Tramp dəstəkləyir. Maraqlıdır ki, İsraillə Türkiyə arasında Bakıda görüş Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun oraya səfərindən sonra baş tutub.bunun ardınca Bakı Rusiya ilə Suriya arasında koordinasiya mərkəzinə çevrildi. İndi Dəməşqlə Kreml arasında münasibətlər Bəşər Əsəd dövründə olduğu kimi rəvan deyil. Yaxın vaxtlara qədər Rusiya Aerokosmik Qüvvələri və Əhməd Əl-Şaraanın rəhbərlik etdiyi qüvvələr Suriyadakı vətəndaş müharibəsində birbaşa rəqib olub. Eyni zamanda, yeni Suriya hökuməti əvvəldən Rusiya istiqamətində diplomatiyasında çeviklik nümayiş etdirdi və Rusiya hərbi bazaları ilə bağlı qərarlarda tələsmədi. Moskva da, demək olar ki, ilk günlərdən münasibətlərin qurulması istiqamətində bir kurs tutdu. Yanvarın sonunda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gəlib. Bunlardan sonra xarici kəşfiyyatın rəhbəri Sergey Narışkin Bakıda Suriya və Rusiya xüsusi xidmət orqanları arasında aparılan danışıqlardan danışıb. Söhbətin məzmunu, əlbəttə ki, pərdə arxasında qalıb, lakin onun keçirilməsi faktı ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağından, Bakının həm Dəməşq, həm də Moskva üçün əhəmiyyətindən xəbər verir.
Onu da qeyd edək ki, rəsmi Bakı bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçu hesab olunur. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TAP layihəsinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər.Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər. Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Xatırladaq ki, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verib. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmlərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasındakı növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir. Ekspertlər indi bu təcrübənin İsraillə İran arasındakı qarşıdurmanın aradan qaldırılmasında da yararlı olacağını bildirir. Çünki Azərbaycan şiə müsəlman və eyni zamanda böyük yəhudi icmasına malik olan dünyəvi dövlətdir. İsrailin Azərbaycanın ən yaxın tərəfdaşlıq etdiyi ölkələrdən biri olduğunu nəzərə almaq lazımdır. Digər tərəfdən, ABŞ-la İran arasında intensiv dialoq baş tutmaqdadır. Bu mühit artıq formalaşıb. Tərəflər arasında artıq bir neçə görüş də baş tutub və həm ABŞ, həm də İran bu danışıqların konstruktiv məcrada getdiyini deməkdədirlər. Deməli, burada İranla İsrail arasında da hər hansı dialoqun baş tutması ehtimalından danışmaq mümkündür. Çünki həlledici amil rolunda ABŞ-nin mövqeyi çıxış etməkdədir. Bütövlükdə baş verənlər Azərbaycanın da iştirakçılığı üçün mümkün imkanları nəzərdən keçirməyə imkan verir. Azərbaycanla İran və Azərbaycanla İsrail münasibətlərinin xarakteri tərəflərin istəyi, təşəbbüsü olacağı halda dialoq üçün şəraitin yaradılması baxımından ölkəmizin rolunun ola biləcəyini göstərir. Azərbaycan vasitəçilik yerinə yetirmək üçün kifayət qədər imkanlara malikdir.
Ramil QULİYEV