BAKI. 16 may. TELEQRAF
“Son zəng” ümumtəhsil məktəblərində iyunun 14-də qeyd olunan və dərs ilinin başa çatmasını elan edən ənənəvi tədbirdir. Azərbaycanda isə bu tədbir 2005-ci ilə qədər mayın 25-də, 2005–2016-cı illərdə mayın 31-də, 2017-ci ildən etibarən isə iyunun 14-də keçirilir. 1 ay sonra bu ilin məzunları üçün sonuncu zəng çalınacaq.
"Son zəng"lə bağlı protokoldan kənara çıxmaq uyğun deyil
Bir müddət öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov Teleqraf-ın sualını cavablandırarkən bildirib ki, “Son zəng” tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var:
“Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır. Hər kəsi bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq. Təhsil müəssisə rəhbərlərinə çağırış edirik. Məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və protokol göndərilib. Protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda bədii hissə, eyni zamanda şagirdlərin kiçik həcmli çıxışları da nəzərdə tutulur. Ola bilər yaradıcı bir hissə olsun, ancaq bunun böyük təmtəraqlı, ciddi maliyyə yükü yaradan, məktəb kollektivinə, valideyn icmasının üzərinə əlavə yük formatda keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu, yolverilməzdir”.
Təlimatlara baxmayaraq məzunlar və valideynlərin təkidi ilə ...
Mövzu ilə bağlı Teleqraf-a danışan Bakı şəhəri 53N-li tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Son zəng” tədbirinin necə keçirilməli olduğuna diqqət çəkib:
"“Son zəng” tədbirini məzunlar üçün həm həssas, həm də insan həyatının sanki dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu tədbirin əsas məqsədi məktəb həyatının, bəlkə də uşaqlıq dövrünün ən qayğısız illərinin başa çatdığının mənəvi və sosial baxımdan hiss etdirməkdir. Tədbirin formatı məzunların çıxışlarında oxuduğu məktəbə minnətdarlıq, gələcək arzular, Vətənə və cəmiyyətə xidmət ideyaları ilə dolu olmalıdır. Tədbirdə çıxış edən direktorun və müəllimlərin nitqinin məzmununu layiqli övlad, xalqa və dövlətə isə ləyaqətli vətəndaş olmaq təşkil etməlidir.
Bəzən təəssüf ki, üst qurumların - Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ), MÜTDA, Elm və Təhsil Nazirliyi (ETN) nin mütəmadi şəkildə göndərdiyi tapşırıq və təlimatlara baxmayaraq məzunlar və valideynlərin təkidi ilə müxtəlif səbəblərdən rəqabət hissi, cəmiyyətin diqqətini çəkmək və ya sosial status nümayiş etdirmək və s. məqsədilə tədbirin əsas ideyasından uzaqlaşaraq təhsil mühitinin əyləncə yönümlü şouya çevrilməsinin şahidi oluruq ki, bu da yolverilməzdir!
Bu cür xoşagəlməz halların və ənənəvi "Son zəng" tədbirlərinin bayağı forma almamasının bir həlli yolu var: Məktəb rəhbərliyi tərəfindən üst qurumların göndərdiyi müvafiq tapşırıq və tələbləri icra üçün əsas götürmək, şagirdlər arasında fərq qoymamaq, tədbirlərin qaydalarına vahid yanaşma və məktəb mühitinin cəmiyyətin siması olduğunu prioritet kimi qəbul etməkdir. Məktəb şagirdlərə yalnız bilik deyil, dəyərlər, vətənpərvərlik, əxlaq və zəhmət aşılayan bir mühitdir. Məktəb millətin gələcəyini təmin edən bir müəssisədir. Gəlin, cəmiyyət olaraq məktəbi, müəllimi və gələcəyimizi bütün dəbdəbədən, şoudan uzaq formada qoruyaq. Bütün sadalananları yerinə yetirmək üçün məktəb mühitini sevməli və səmimiyyətlə yanaşılmalıdır".
Bu, maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır
ETN yanında İctimai Şuranın sədri Hikmət Əlizadə hesab edir ki, “Son zəng” tədbiri məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil edilməlidir:
“Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Məktəblərdə də bu tədbir adətən məktəb həyətində keçirilir. Son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri şənlik məkanlarında keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin “Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, “Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, nazirlik, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır. Hesab edirəm ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı. Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və “Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını görməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbə onu həyata hazırlayan ocaq kimi dəyərləndirməlidir və hər bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməlidir”.
Aidiyyatı qurumlar göstəriş verir, amma bu, məktəblərdə əməl olunmur
Təhsil eksperti Kamran Əsədov bildirir ki, Elm və Təhsil Nazirliyi, aidiyyəti qurumlar son illərdə bu tədbirlərin sadə formada keçirilməsi üçün göstərişlər versə də, bir çox məktəbdə bu təlimatlara əməl olunmur:
“Bəzən tədbir öz mahiyyətini - şagirdin məktəblə vida etməsi, müəllimə təşəkkür bildirməsi, gələcəyə inamla baxmasını - itirərək, daha çox müğənni dəvəti, restoran tutmaq, bahalı paltar geyinmək, sosial şəbəkələr üçün videoçarx hazırlamaq yarışına çevrilir. Bu isə təhsilin mənəvi strukturuna zərbə vurmaqla yanaşı, sosial ədalət prinsipini də pozur. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, ümumi təhsil pilləsində dövlət tərəfindən təhsil alma hüququ pulsuz şəkildə təmin edilməlidir. Həmin qanun maddəsində təhsil bərabərliyi, əlçatanlıq və sosial ədalət əsas prinsiplər kimi tanınır. Bu prinsiplər Nazirlər Kabinetinin 125 nömrəli qərarında da öz əksini tapır. Lakin reallıqda bu tədbirlərlə bağlı orta məktəblərdə ailələrdən pul yığılması hallarına rast gəlinir. “Məktəbin həyəti yaraşmır”, “kameraman lazımdır”, “musiqi quraşdırmaq üçün səs sistemi tutulmalıdır” kimi bəhanələrlə 50-300 manat arası vəsait toplanılır. Bu isə təkcə qanun pozuntusu deyil, həm də sosial təbəqələşməni artıran bir faktordur. 2024-cü ilin may ayında yayılan rəsmi çağırışda vurğulanırdı ki, son zəng tədbirləri məktəbin öz imkanları çərçivəsində, azsaylı yaradıcı çıxışlar və şagird təşəbbüsləri ilə təşkil olunmalıdır. Burada məqsəd uşaqlarda kollektivə hörmət, məktəbə sevgi və təşəkkür hissi yaratmaqdır. Tədbir məzmun baxımından təşəkkür, xatirə və kollektiv yaddaş üzərində qurulmalı, şou və təmtəraqdan uzaq olmalıdır".
Ekspert hesab edir ki, bu tədbirin tamamilə ləğv edilməsi və ya qadağan olunması da çıxış yolu deyil.
"Çünki bu mərasim, düzgün formatda keçirildiyi təqdirdə uşaqların psixoloji və sosial inkişafına, kollektiv münasibətlərə, gələcək üçün emosional bağların qurulmasına müsbət təsir göstərir. Tədbir müəllim-şagird münasibətlərində təşəkkür mədəniyyətini formalaşdırır. Məktəbin sosial missiyasını gücləndirir. Əgər forma düzgün tənzimlənərsə, bu mərasim şagirdin təhsilə hörmətini artırır, eyni zamanda ailələr üçün unudulmaz bir xatirəyə çevrilər”.
Ekspert qeyd edir ki, “Son zəng”i çalınacaq şagirdlər tədbirdə sadə məktəbli forması ilə, heç bir xüsusi paltar və ya makiyaj olmadan iştirak etməlidirlər:
“Finlandiyada “Son zəng” deyilən bir mərasim yoxdur, lakin məktəblərin buraxılış günləri müəllimlərin təşəkkür nitqi və məktəb icması ilə vidalaşma şəklində keçir. Almaniyada məktəb rəhbərliyi və valideyn komitəsi tərəfindən kiçik musiqili, çıxışlarla zənginləşdirilmiş tədbirlər təşkil edilir, heç bir ödəniş və ya müğənni dəvəti olmur. Yaponiyada şagirdlər məktəbin həyətində kollektivlə vidalaşaraq, müəllimlərinə təşəkkür məktubu təqdim edir. Bu nümunələrin hamısında ortaq məqam budur: məktəb təhsilin sonuncu günü də təhsil verir. Sosial bərabərliyi pozmur, əksinə kollektiv dəyərləri möhkəmləndirir. Məktəblər üçün vahid təlimat bazası olmalıdır və bu təlimat inzibati nəzarətlə deyil, ictimai nəzarət və maarifləndirmə ilə möhkəmləndirilməlidir. Əgər bu tədbirlər qanuni çərçivədə, məktəb daxilində, müəllimlərin və şagirdlərin təşəbbüsü ilə, heç bir maliyyə yükü yaratmadan təşkil olunarsa, bu zaman həm məktəb ictimaiyyətində hörmət artır, həm də ailələrin maddi və psixoloji yükü azalır. Hazırkı sistemdə bəzi ailələr bu tədbirə görə kredit götürür, bəziləri isə tədbirə qatılmaqdan imtina edir. Bu isə məktəb kollektivində sosial parçalanma yaradır”.
Təhsil eksperti Elçin Əfəndi bu ərəfədə şagird-müəllim, valideyn-direktor arasında kommunikasiyanın düzgün qurulmalı olduğunu vurğulayıb:
“Son zəng tədbirləri hər şagirdin həyatında bir dəfə baş verən prosesdir. Amma nəzərə almaq lazımdır ki, həmin şagirdlər özlərindən sonra gələnlərə örnək olmalı, nümunəvi davranış sərgiləməlidirlər. Tədbirin keçirilməsi zamanı etik kodekslər gözlənilməlidir. Yaxşı olar ki, on birinci siniflər məktəbli geyimində iştirak etsinlər. Çünki bu tədbir konkret məktəb daxilindədir.Bunun üçün də xüsusi geyimlərə ehtiyac yoxdur.
Məktəbdə tədbir başa çatdıqdan sonra istədikləri istirahət və əyləncə mərkəzində istədikləri kimi prosesi davam etdirə bilərlər. Ancaq təhsil müəssisələrinin daxilində şagird sonuncu dəfə məktəbli formasında iştirak etməlidir. Bədii hissədə hazırladıqları təqdimatlar, xatirələri olmalıdır. Amma bəzən elə düşünülür ki, “Son zəng” partidir və ya ad günü mərasimidir, söhbət təhsil müəssisəsindən gedirsə yaxşı olar ki, davranış qaydalarına riayət olunsun.
Problemin digər tərəfində böyük günahkar kimi bəzi məktəb direktorlarını görmək olar. Elə məktəb direktorları var ki, öz istədikləri kimi keçirir: bəziləri bu prosesi gəlir, əyləncə mənbəyinə çevirirlər”.
Elçin Əfəndinin sözünə qüvvət olaraq həqiqətən bunu gəlir mənbəyinə çevirən direktorlar da az deyil. Bu faktlar aşkarlandıqda aidiyyatı qurumlar tərəfindən həmin direktorlarla bağlı tədbirlər görülür. Sonuncu nümunədə olduğu kimi...
Sosial şəbəkələrdə səs yazısı yayılan, "Son zəng"ə görə pul tələb edən 207 nömrəli tam orta məktəbin direktorunun işinə xitam verildi.