Təhsil sisteminin inkişafı cəmiyyətin mədəni və iqtisadi tərəqqisinin əsas dayaq nöqtələrindən biridir. Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır, eyni zamanda şəxsiyyətin formalaşmasına, fərdlərin sosial məsuliyyətli vətəndaşlara çevrilməsinə də yardım edir.
NOCOMMENT.az xəbər verir ki, Simurq Təhsil Liseyinin icraçı direktoru Tural Abasquliyev mövzu ilə bağlı Operativ Media-nın suallarını cavablandırıb:
– Tural bəy, beynəlxalq təhsil sistemi hazırda necə inkişaf edir və məktəblər hansı əsas dəyişiklikləri qəbul etməlidir?
– Hazırda dünyada orta məktəblərdə qəbul edilən əsas beynəlxalq təhsil proqramları Cambridge (Kembric), IB (Beynəlxalq Bakalavriat) və AP (Advanced Placement) sistemləridir. Bu proqramların əsas mahiyyəti analiz və mühakiməyə əsaslanan təhsil modelinə dayanır. Qərb ölkələri və Uzaq Şərqdə, həm dövlət, həm də özəl məktəblərdə təhsil prosesi getdikcə bu beynəlxalq kurikulumlara əsaslanır.
Ölkəmizdə isə beynəlxalq kurikulum daha çox özəl məktəblərdə, çox az sayda isə qabaqcıl dövlət məktəblərində tətbiq olunur. Hazırda Azərbaycanda 1 milyon 700 mindən çox şagird var və onların yalnız təxminən 20 mini özəl məktəblərdə təhsil alır. Bu da ümumi şagird sayının təxminən 1%-ni təşkil edir. Həm dövlət, həm də özəl məktəblər daxil olmaqla, ümumilikdə təxminən 5 min şagird beynəlxalq təhsil proqramları ilə təhsil alır.
Ölkəmizdə beynəlxalq təhsilin inkişafı üçün bir neçə əsas addım atılmalıdır:
1. Özəl məktəblərin sayı artırılmalı və ya mövcud məktəblərin korpusları genişləndirilməlidir;
2. Təhsil proqramları beynəlxalq kurikulumlara uyğun şəkildə yenilənməlidir;
3. 150 mindən çox müəllim beynəlxalq proqramlara uyğun təlimlərdən keçməlidir;
4. Qiymətləndirmə sistemi köklü şəkildə dəyişdirilməlidir.
Bu, uzun və çətin bir prosesdir, lakin artıq başlanılıb. Məsələn, 7-ci sinif üçün Fizika dərslikləri Sinqapur təhsil mütəxəssislərinin iştirakı ilə beynəlxalq standartlara uyğunlaşdırılıb. Təbii ki, bu istiqamətdə tam keçid üçün illər tələb olunur.
– Sosial-emosional təhsil məktəblər üçün nə dərəcədə əhəmiyyətlidir və bunun uşaqların inkişafına təsiri nədir?
– Sosial-emosional təhsil tarixin bütün dövrlərində aktual olub. Lakin bu gün, 21-ci əsrdə bu sahə daha da ön plana çıxıb və həyati əhəmiyyət daşıyır. Çünki bu dövr “münasibətlər əsri” kimi xarakterizə olunur və müasir dövrdə uğur qazanan insanların əksəriyyəti məhz yüksək ünsiyyət və əməkdaşlıq bacarıqlarına sahibdir.
Hazırkı məktəblilər və gənclər arasında müşahidə olunan əsas problemlərdən biri ünsiyyətdən qaçmağa meyilli olmalarıdır. Bu meylin əsas səbəblərindən biri sosial media və mobil telefonlarda oynanan oyunlardır. Bu texnoloji vasitələr uşaqları real, canlı ünsiyyətdən uzaqlaşdırır və onların sosial bacarıqlarının təbii yolla inkişafına mane olur.
Digər tərəfdən, məktəblərdə uşaqların sosial bacarıqlarını inkişaf etdirə biləcəkləri təbii mühit demək olar ki, yoxdur. Şagirdlər gün ərzində beş və ya daha çox dərs keçirlər və hər dərsdən sonra cəmi 5 dəqiqəlik tənəffüs olur. Bu qısa fasilələrdə isə əsasən fiziki ehtiyaclarını qarşılamağa çalışırlar. Beləliklə, sosiallaşma üçün kifayət qədər vaxt və şərait yaranmır.
Bundan əlavə, valideyn-övlad münasibətləri də əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Keçmişdə analar daha çox evdə olurdu, ataların iş saatları isə daha nizamlı idi. İndi isə valideynlərin həm sosial, həm də şəxsi ehtiyacları artıb və bu səbəbdən övladlarına ayırdıqları vaxt əhəmiyyətli dərəcədə azalıb. Bu da uşaqların sosial bacarıq və ünsiyyət qabiliyyətlərinin inkişafına mənfi təsir göstərir.
Nəticə etibarilə, məktəblərdə sosial-emosional təhsilin inteqrasiyası olduqca vacibdir. Əks halda, gələcəkdə asosial, hətta antisosial davranışlı bir nəslin formalaşması riski artacaq.
– Sosial-emosional təhsilin ən vacib komponentləri hansılardır?
– Sosial-emosional təhsilin əsas komponentlərinə özünü tanımaq, özünüidarəetmə, empatiya göstərmək, sağlam münasibətlər qurmaq və onları qorumaq bacarığı daxildir. Bununla yanaşı, məsuliyyətli qərarlar qəbul etmək də bu təhsilin vacib tərkib hissəsidir. Gənclərin əsas çətinliklərindən biri emosiyalarını idarə edə bilməmələri və özlərini dərindən tanımamalarıdır. Bu isə gələcəkdə şəxsiyyətin formalaşmasında ciddi problemlərə səbəb ola bilər.
– Uşaqların “yumşaq” bacarıqlarını inkişaf etdirmək üçün hansı tədris metodlarından istifadə edirsiniz?
Bu sahədə müxtəlif tədris metodlarından istifadə olunur. Məsələn, layihə əsaslı öyrənmə xüsusi önəm daşıyır. Əgər uşaqlara tapşırıq veririksə, bu tapşırığın mövzuya uyğun layihə formatında hazırlanmasını istəyirik. Ev tapşırıqları adətən təqdimat şəklində olur. Dərs zamanı isə şagirdlər qrup işlərində iştirak edir, bu da onların həm akademik, həm də sosial bacarıqlarının inkişafına xidmət edir.
Ən vacib məqamlardan biri isə təhsil mühitidir. Burada sosial-emosional inkişaf üçün zəruri olan sağlam və dəstəkləyici mühit nəzərdə tutulur.
Gəlin, 5-ci sinif tarix dərsi üzrə konkret bir nümunəyə baxaq. Şagirdlər Mezolit dövrü mövzusunu öyrəndikdən sonra biz onları Qobustana ekskursiyaya apardıq. Mezolit dövrü haqqında biliklər əsasən Qobustandakı arxeoloji tapıntılar əsasında formalaşdığından, bu ekskursiya onların mövzunu daha dərindən anlamalarına və yadda saxlamalarına kömək etdi.
Başqa bir nümunə kimi Səfəvilər dövrünü qeyd edə bilərik. Bu mövzunu izah edərkən şagirdlərlə birlikdə Qusar rayonuna səfər etdik. Bu ərazi Şah İsmayılın babasının döyüşdüyü və vəfat etdiyi yerdir.
Nadir Şah və Muğan Qurultayı mövzusunu isə məhz həmin tarixi hadisənin baş verdiyi məkanda – Kür və Araz çaylarının qovşağında yerləşən Sabirabad rayonunun Cavad kəndində keçdik. Dərslərin bu cür məkanlarda təşkili uşaqlarda unudulmaz emosional təəssüratlar yaradır və mövzunun dərindən mənimsənilməsinə səbəb olur.
Belə fəaliyyətlərin əsas məqsədi şagirdlər arasında ünsiyyət və münasibət qurmaq bacarıqlarını inkişaf etdirməkdir. Onlar birlikdə səyahət edərkən sevincli və çətin anları paylaşır, birgə vaxt keçirirlər. Bu təcrübələr onların emosional intellektinin inkişafına mühüm təsir göstərir.
Əminəm ki, bu cür fəaliyyətlər nəticəsində həmin şagirdlər 20–30 il sonra belə bir-birilə əlaqə saxlayacaq və dostluqlarını davam etdirəcəklər. Çünki bu proses onların ünsiyyət və münasibət bacarıqlarını qoruyub saxlamaq və inkişaf etdirmək məqsədinə xidmət edir.
– Ağıllı uşaq formalaşdırmaq üçün təhsil sistemində hansı dəyişikliklər edilməlidir?
– Dahi Nizaminin əsərlərini təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, ağlın təməli sevgidir. Əgər bir uşaq sevgi dolu və dəstəkləyici bir mühitdə böyüyərsə, gələcəkdə ağıllı və sağlam düşüncəli bir insana çevrilir.
Təhsildə uşağın ağıllı və uğurlu olması üçün iki əsas dayağı vardır: biri ailə, digəri isə məktəbdir. Əgər uşaq evdə sevgi və hörmət görür, eyni zamanda məktəbdə müəllimi və sinif yoldaşları tərəfindən dəyər və qayğı ilə qarşılanırsa, bu onun həm şəxsiyyətinin, həm də ağlının inkişafında mühüm rol oynayır.
Bu səbəbdən, təhsil sistemində dəyişikliklər aparılarkən ilk növbədə məktəb mühitinin uşaq mərkəzli və sevgi əsaslı olması təmin edilməlidir. Biz müəllim seçimində əsas meyar kimi uşaqları sevmək və onların inkişafına həssaslıqla yanaşmaq bacarığına malik şəxslərlə işləməyi üstün tuturuq. İnanırıq ki, bu yanaşma ilə gələcəkdə ağıllı, dəyərli və sağlam düşüncəli bir nəslin formalaşmasında bizim də töhfəmiz olacaq.
Uşaqların ağıllı və uğurlu olmaları üçün hansı bacarıqlarını inkişaf etdirmək lazımdır?
Uşaqların ağıllı və uğurlu olmaları üçün ilk növbədə onları sevgi ilə böyütmək, onlara vaxt ayırmaq və özlərini dəyərli hiss etdirmək vacibdir. Hər bir uşaq dünyaya müəyyən bir potensialla gəlir. Bu potensialın hansı sahədə olduğunu vaxtında müəyyənləşdirmək və ona uyğun istiqamətləndirmək uğurun əsas şərtidir.
Eyni zamanda, uşaqlarda özünüifadə, ünsiyyət, problem həll etmə və emosional dayanıqlılıq kimi bacarıqların inkişaf etdirilməsi də çox önəmlidir. Məktəbin və müəllimlərin bu potensialı düzgün müşahidə etməsi və yönləndirməsi, uşağın həm şəxsiyyət, həm də peşəkar baxımdan sağlam inkişafında həlledici rol oynayır.
– Gələcəkdə uğurlu bir insan olmağın əsas meyarları nədir?
– Uğurlu olmağın birinci və əsas meyarı ağıldır. Peşəsindən və kimliyindən asılı olmayaraq, ağıllı insan uğur qazana bilir. Lakin ağılın özü də təsadüfi formalaşmır; onun kökü sevgidir. Sevgi ilə böyüyən, anlayış və diqqət görən uşaq zamanla ağıllı və sağlam düşüncəli bir fərdə çevrilir.
Uğurun ikinci meyarı isə düzgün yanaşmadır. Hər bir uşaq müəyyən sahədə istedadla doğulur. Əsas məsələ bu sahəni vaxtında müəyyənləşdirmək və uşağı həmin istiqamətdə inkişaf etdirməkdir. Təsəvvür edin, əgər uşaq vaxtı Leonardo da Vinçini valideynləri ədəbiyyatçı, Dostoyevskini isə rəssam olmağa məcbur etsəydilər, dünya mədəniyyəti böyük itkilər verərdi.
Balığa uçmağı, quşa isə üzməyi öyrətmək mümkün deyil. Hər bir uşağın öz təbii istedadı və maraq sahəsi var. Uğurlu gələcək üçün bu maraqları və qabiliyyətləri nəzərə alaraq fərdi inkişaf planı, yəni yol xəritəsi hazırlanmalıdır. Təəssüf ki, valideynlər çox zaman övladlarını öz istəklərinə uyğun istiqamətləndirməyə çalışır, bu isə uşağın daxili potensialını kölgədə qoya bilər.
Bu yanaşmanı dəyişmək vacibdir. Hər bir uşağın öz yolu var və biz böyüklər olaraq bu yolu tapmaqda və açmaqda onlara bələdçi olmalıyıq
– Ağıllı və güclü sosial bacarıqlara sahib olan uşaqlar gələcəkdə hansı sahələrdə daha çox uğur qazana bilər?
– Bu cür uşaqlar gələcəyin liderləri, sahibkarları, menecerləri və idarəçiləri olmağa namizəddirlər. Onlar komanda idarəetməsi, qərarvermə, strateji düşüncə və effektiv ünsiyyət tələb edən sahələrdə ön plana çıxırlar. Güclü sosial bacarıqlar həmçinin diplomatiya, təhsil, psixologiya, marketinq və insan resursları kimi sahələrdə də uğurun əsas açarlarından biridir.
Əksinə, sosial bacarıqları nisbətən zəif olan şəxslər daha çox fərdi iş rejiminə uyğun olan texniki sahələrdə, məsələn, proqramlaşdırma, mühəndislik və İT üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilərlər. Hər iki istiqamətdə uğur mümkündür, lakin bacarıqların təbiətinə uyğun sahənin seçilməsi həlledici rol oynayır.
Ağıllı uşaq formalaşan zaman məktəbin rolunu necə qiymətləndirirsiniz? Mütəxəssislər bəzi hallarda təkcə məktəbin uşağın inkişafını yönləndirməkdə kifayət etmədiyini deyirlər. Sizcə bu fikir doğrudurmu?
Bəli, bu çox doğru fikirdir. Əgər bir ailədə ata və ana arasında emosional və ya fiziki gərginlik mövcuddursa və uşaq bu mühiti hiss edirsə, onun məktəbə və dərsə adaptasiyası ciddi şəkildə çətinləşir. Uşaq ailədə nə valideynlər arasında, nə də özünə qarşı hörmət və dəstək görmürsə, bu, onun dərs zamanı diqqətinin yayınmasına və motivasiyasının azalmasına səbəb olur.
Bəzən valideynlər şikayət edir ki, müəllim yaxşı dərs keçmir, müəllimlər isə bildirir ki, uşağın qavrama qabiliyyəti zəifdir. Amma bu vəziyyətin kökündə çox zaman ailə mühiti dayanır. Uşağın dərsi qavraması üçün əvvəlcə onun yaşadığı evdə emosional cəhətdən sağlam, sabit və dəstəkləyici bir mühit olmalıdır.
Əgər evdə valideyn uşağı düzgün istiqamətləndirirsə, məktəbdə müəllimin işi asanlaşır və nəticələr daha uğurlu olur. Təhsilin keyfiyyəti əsasən məktəbə, müəllimə və uşağa görə yox, əsasən valideynə görə fərqlənir. Məsələn, Şəkinin ucqar kəndlərindən birində bir uşaq 700 bal toplayıb. Mən əminəm ki, onu hazırlaşdıran müəllim imtahana girsəydi, eyni nəticəni əldə etməyə bilərdi. Bu uğurun arxasında duran əsas amillərdən biri də həmin uşağın ailəsində mövcud olan emosional dəstək, dəstəkləyici mühit və düzgün istiqamətləndirmədir.
– Texnologiya və rəqəmsal təhsil vasitələrinin təhsildəki rolunu necə qiymətləndirirsiniz?
– Texnologiya və rəqəmsal vasitələrin inkişafı təhsilə gözlənildiyi qədər müsbət təsir göstərməyib. Son 10-15 ilin universitetə qəbul ballarına nəzər salsaq, bu dövrdə texnologiyanın sürətli inkişafına baxmayaraq, nəticələrin daha yüksək olduğunu görmürük. Əksinə, 10-15 il əvvəl texnologiya indiki qədər inkişaf etməmişdi – nə süni intellekt, nə ChatGPT, nə də izahlı cavablarla dolu internet resursları bu qədər əlçatan idi. Buna baxmayaraq, həmin dövrdə şagirdlər daha fokuslanmış və akademik cəhətdən daha hazırlıqlı idilər.
Texnologiyanın bu qədər geniş yayılması, xüsusilə rəqəmsal alətlərin istifadəsi fərdiləşməni artırıb və uşaqların sosial təmaslarını məhdudlaşdırıb. Bu isə öz növbəsində onların asosiallaşmasına, sosial-emosional inkişafın zəifləməsinə və nəticə etibarilə akademik göstəricilərin aşağı düşməsinə səbəb olub. Təhsil texnologiyalarla zənginləşsə də, insan münasibətləri və emosional əlaqə kimi fundamental elementlər arxa planda qalıb. Bu da akademik göstəricilərə mənfi təsir edib.
Gələcəkdə təhsilin daha çox fərdiləşməsi yönündə hansı yeniliklər gözlənilir? Uşaqların unikal ehtiyaclarını nəzərə alaraq təhsilin daha effektiv hala gətirilməsi barədə düşüncələriniz nədir?
Fərdiləşmə və unikal ehtiyaclar bir-biri ilə sıx bağlı anlayışlardır. Təəssüf ki, bu gün bu istiqamətdə geniş və dərin yanaşmalar hələ cəmiyyət tərəfindən tam qəbul olunmayıb. Bunun əsas səbəbi, təhsilin hələ də icbari və standartlaşdırılmış formada tətbiq edilməsinin effektivliyinin sual altına alınmamasıdır. Hazırda hər kəsə eyni tədris proqramının uyğun olduğu düşünülür, lakin bu yanaşma fərdi inkişafı çox zaman məhdudlaşdırır.
Gələcəkdə, xüsusilə yaxın 10-15 il ərzində uşaqlar üçün ən yaxşı imkanları yaratmağa çalışılacaq. Lakin zaman keçdikcə görəcəyik ki, standart yanaşmalar bütün uşaqlar üçün eyni nəticəni vermir. Məhz bu mərhələdə fərdiləşdirilmiş təhsil və unikal ehtiyacların nəzərə alınması məsələsi ciddi şəkildə gündəmə gələcək.
Düşünürəm ki, gələcəkdə belə bir sual ortaya çıxacaq: uşaq niyə mütləq məktəbə getməlidir? Bəlkə elə uşaq birinci sinifdən etibarən peşə təhsilinə yönəlsə, daha uğurlu olar? Ola bilər ki, 10-15 ildən sonra təhsilin icbari olması anlayışı belə dəyişsin və daha çevik, ehtiyac yönümlü modellər tətbiq edilsin.
Lakin bu dəyişimin baş verməsi üçün əvvəlcə mövcud sistemin zəif cəhətləri açıq şəkildə görünməli və cəmiyyət bu çatışmazlıqları qəbul etməlidir. Yalnız bundan sonra alternativ, fərdiləşdirilmiş və çevik təhsil modelləri real və geniş tətbiq oluna bilər. Nəticədə isə hər bir uşağa öz maraq və bacarıqlarına uyğun təhsil yolu təqdim ediləcək; istər məktəbə gedərək, istərsə də fərqli bir istiqamət seçərək.