AZ

Mərkəzi Bankın inflyasiya proqnozları ziddiyyətli qarşılanır...


Eldəniz Əmirov: “2025-ci il üzrə olan yekun inflyasiya göstəriciləri 6 faiz üzərində olmayacaq”

Ötən ay Azərbaycanda inflyasiya səviyyəsi 6,3% olub. Bu, 19 aydan sonra qeydə alınan ən yüksək göstəricidir. Qeyd edək ki, inflyasiya səviyyəsi sonuncu dəfə 2023-cü ilin avqust ayında bu göstəricidən yüksək olub.

Məlumat üçün onu da bildirək ki, təxminən 20 gün əvvəl Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb. Həmin qərarda uçot faiz dərəcəsinin dəyişdirilməyərək əvvəlki (7,25%) səviyyədə saxlanılmasının səbəbi kimi inflyasiyanın 6%-dən aşağı olması göstərilib. Qeyd olunurdu ki, 2025-ci ilin aprel ayında yenilənən proqnozlara görə illik inflyasiyanın cari ildə 5,3%, 2026-cı ildə isə 4,3% ətrafında olacağı gözlənilir. Ancaq Mərkəzi Bankın illik inflyasiya ilə bağlı proqnozu özünü doğrultmayıb. Ötən ay inflyasiya səviyyəsi 6 faizdən aşağı yox, 6,3 faiz olub. Neçənci dəfədir MB-nin inflyasiya ilə bağlı verdiyi proqnozlar özünü doğrultmur.

“Mərkəzi Bankın da, İqtisadiyyat Nazirliyinin də proqnozu 1 faiz bəndi üzərində xəta ilə deyil...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov buna bir neçə prizmadan yanaşdı: “Əvvəlki illərdə də Mərkəzi Bankın proqnozları və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlar arasında 0,2-0,4 faiz bəndi intervalında fərqlər mövcud olur. Bu fərqlər təbiidir və olması normal bir haldır. Çünki yanaşma fərqləri vardır, məlumatların təhlili vardır və s. Əksinə, bu tip proqnozlar üst-üstə düşərsə, bu, artıq şübhəli bir məqam yaradar. Bu, məsələnin birinci tərəfi. O ki qaldı konkret olaraq Mərkəzi Bankın proqnozlarının yanlış olmasına, zatən proqnozlar 0,1-dən 0.5 bəndinə qədər nisbi xəta baş verərsə, bu, normal hesab edilə bilər. Ancaq 20 faiz üzərində bir yanlış proqnoz, yəni məsələn, 5 faizlik proqnoz göstərilirsə, bu, 6 faiz olursa, o zaman buna tənqidi yanaşmaq olar. Lakin nəzərə alaq ki, Mərkəzi Bankın proqnozu illik proqnozdur. Yəni 5,3 faizlik proqnoz illik proqnozdur. Düzdür, hazırda 6 üzərində olan proqnoz illik proqnozu üstələyir, amma nəzərə almaq lazımdır ki, il hələ tamam olmayıb. Bu, yarısından da az bir müddətin proqnozudur. Hesab edirəm ki, ilin əvvəlindən olan bu göstəricilər hardasa başa düşülə bilər. Çünki qlobal iqtisadiyyatda baş verənlər, ABŞ-ın tarif siyasəti və sair məsələləri bir qədər kontekstdən çıxarda bilər. Ancaq bütün hallarda hesab edirəm ki, 2025-ci il üzrə olan yekun inflyasiya göstəriciləri 6 faiz üzərində olmayacaq. Yəni böyük ehtimal ki, 6 faizi keçməyəcək. Bu isə onu deməyə əsas verir ki, Mərkəzi Bankın da, İqtisadiyyat Nazirliyinin də proqnozu 1 faiz bəndi üzərində xəta ilə deyil, 1 faizin altında olan bir xəta ilə bitmiş olacaq. Bir daha təkrar edirəm ki, 0,5 ətrafında olan xəta hardasa qəbulolunandır. Hətta Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da proqnozlarında dəfələrlə 1 və 1,5 faizə qədər xətalı olan dövrlər baş verib. Ona görə də ayrı-ayrı maliyyə təsisatları vaxtaşırı öz proqnozlarını yeniləyirlər. Hətta beynəlxalq reytinq agentliklərində də biz buna rast gəlmişik. Çünki əvvəlki dönəmlərdə 5 illik proqnozla işlənilirdisə, hazırda bu mümkün deyil. Ona görə ki, dünyanın istənilən bir tərəfində baş verən hadisə digər tərəfə böyük sürətlə və daha ciddi təsir etməyə başlayır. Çünki iqtisadi bağlar o qədər sıxdır ki, istənilən bir tərəfdə olan titrəyiş digər tərəfdə dalğa yaradır”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr