Bakı, 13 may. TELEQRAF
"Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilmiş, dövlət dəstəyi gücləndirilmiş, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı əhəmiyyətli dərəcədə asanlaşıb."
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu gün Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro”nun açılış mərasimində səsləndirib.
“Caspian Agro” və yubileyini qeyd edən “InterFood Azerbaijan” sərgiləri uzun illərdir ki, kənd təsərrüfatı və qida sənayesi sahəsində yerli və xarici şirkətlərin innovativ həllərini, qabaqcıl texnologiyalarını təqdim etdiyi mühüm platforma kimi tanınır. Bu sərgilər fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün fikir mübadiləsi aparmaq, yeni biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq baxımından əhəmiyyətli imkanlar yaradır.
Ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində fermerlərə müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olmaq üçün şərait yaradılıb.
Builki sərgidə süni intellektə əsaslanan innovativ həllər, ağıllı idarəetmə sistemlərinə inteqrasiya olunmuş avtomatlaşdırılmış texnologiyalar, enerji və resurslara qənaət edən həllər, alternativ enerji mənbələri ilə işləyən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq modelləri xüsusi diqqət mərkəzindədir.- deyə E. Zeynalov bildirib.
"İqlim dəyişikliklərinin təsirini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək, kənd təsərrüfatını daha ekoloji və məhsuldar bir istiqamətdə inkişaf etdirmək üçün innovativ yanaşmalar tətbiq olunur. Bu kontekstdə rəqəmsal həllərin genişləndirilməsi, elektron kənd təsərrüfatı platformalarının tətbiqi, aqrar sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması prioritet istiqamətlərdəndir."-deyə o əlavə edib.
Yeni bitki sortlarının, məhsuldar heyvandarlıq cinslərinin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin qurulması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sahənin davamlı inkişafına mühüm töhfə verəcək.
Builki sərginin əhəmiyyətini artıran əsas amillərdən biri də balıqçılıq və akvakultura sahəsinin burada təmsil olunması, eyni zamanda II Beynəlxalq Aqrar İnnovasiya Forumunun keçirilməsidir. “Caspian Agro” sərgisi bu sahələrin inkişafına dəstək verəcək qabaqcıl texnologiyaların və innovativ həllərin təqdimatı üçün önəmli bir platformadır. Forum çərçivəsində fermerlər və aqrobiznes nümayəndələri üçün bilik və təcrübə mübadiləsi aparmaq, yeni imkanlar əldə etmək imkanı yaranacaq.
Ümid edirik ki, sərgi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün iştirakçılar üçün faydalı olacaq, onların bilik və bacarıqlarını artıracaq, eləcə də biznes imkanlarını genişləndirəcək.