AZ

Moskvada 80 illik parad, yoxsa Ukraynaya qarşı müharibədə həmrəylərin toplantısı?


Abutalıb Səmədov: "Danışıqların İstanbulda başlanması tamamilə mümkündür, lakin hər hansı bir müsbət nəticənin doğrulacağına ümid yoxdur"

Moskvada keçirilən son illərin ən sönük 9 May yubiley paradında daha çox Ukraynaya qarşı xüsusi hərbi əməliyyat barədə danışılıb. Bu nə qədər doğru yanaşmadır? Bu bir daha sübut etmirmi ki, Moskvada keçirilən yubiley paradına gəlməyənlər daha haqlıdlr? Çünki Rusiyada hələ də hesab edilir ki, Ukrayna müharibəsi faşizmə qarşı gedən mübarizənin davamıdır.

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, mayın 9-da Moskvada keçirilən parad əslində qələbənin 80 illiyinə yox, Ukraynada gedən müharibəyə həsr olunmuşdu: "Rusiya və onun prezidenti Vladimir Putin sübut etməyə çalışırdılar ki, Rusiya meydanda tək deyil, onun yanında kifayət qədər müttəfiq dövlətlər var. Ən əsas isə onu göstərmək istəyirdi ki, dünyanın ikinci böyük iqtisadi güçü olan Çin Rusiyanin yanındadır. Bu səbəbdən Çin rəhbərinin paradda iştirakını qabartmağa cəhdlər göstərildi. Bu ərəfədə də Çinlə xeyli sənəd imzalandı.

Paradın gedişi və ondan sonra baş verən hadisələr göstərdi ki, əslində bu tədbirdə iştirakdan imtina edənlər daha düzgün addım atıblar.

Aydındır ki, Rusiya bütün bunları yaddan çıxarmayacaq, əlinə məqam düşəndə təxribatlar törətməyə cəhdlər göstərəcək. Rusiyanın necə kinli bir hakimiyyətə malik olduğu heç kimə sirr deyil.

Paraddan dərhal sonra Putinin sülh danışıqları ilə bağlı təkliflə çıxış etməsi onu göstərdi ki, bu gün Rusiyanın gündəliyində bir nömrəli məsələ Ukraynadır və hər addım, hər tədbir bu cəbhədə uğurlar qazanmağa xidmət edir.

Gecə yarısı "mətbuat konfransı" təşkil edən Rusiya prezidenti "sülh" təşəbbüsü ilə çıxış etdi. O, təklif etdi ki, mayın 15-dən Türkiyədə sülh danışıqları başlansın. Putin onu da əlavə etdi ki, hələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmayıb. Putin bazar günü Rəcəb Tayyib Ərdoğanla danışıb onun razılığını almalı idi. Əvvəlcə təklifini verir, məkanı göstərir və sonradan bəlli olur ki, hələ ev sahibinin razılığı əldə edilməyib.

Sözsüz ki, bu cür təklifə Türkiyə heç vaxt etiraz etməz. Çünki həmişə sülh danışıqlarının keçirilməsı üçün təkliflərlə çıxış edib, tərəfləri ölkəyə dəvət edib və bu danışıqların aparılması üçün hər cür şərait yaradacağını bildirib.

Eyni zamanda, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp da Ərdoğandan xahiş etmişdi ki, bu proseslərə qoşulsun - Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını təşkil etsin. Bu da onu göstərir ki, təşəbbüs yalnız Rusiyanın deyil, eyni zamanda, ABŞ-nın təşəbbüsüdür.

Putin təklif edir ki, heç bir ilkin şərt olmadan danışıqlar prosesi başlansın. Kreml rəhbəri dərhal onu da əlavə edir ki, müharibənin başlanmasının səbəbləri mütləq aradan qaldırılmalıdır. Yəni bir tərəfdən ilkin şərtlər olmadan sülh danışıqlarına başlanmasını təklif edir, o biri tərəfdən isə ilkin şərt irəli sürür. Yəni Ukrayna NATO-dan imtina etməli, Ukrayna silahsızlaşdırılmalı və denasifikasiya aparılmalıdır. Yəni Ukraynada özünü göstərən faşizm meyllərinin kökü kəsilməlidir.

Üstəlik, Putin deyib ki, danışıqların gedişinə baxaraq, atəşkəs də əldə edilə bilər. O, atəşkəs əldə edilmədən danışıqlar aparılmasını təklif edir, amma danışıqların gedişi zamanı atəşkəsin əldə edilmə ehtimalını da istisna etmir.

Eyni zamanda, Putin Ukraynanı günahlandırır k, İstanbul danışıqlarını pozan tərəf Kiyev olub və danışıqlar qaldığı yerdən davam etdirilməlidir. Belə bir şey mümkun deyil, çünki İstanbul danışıqlarında müzakirə olunan məsələlərə artıq qayıtmaq qeyri-mümkündür, Rusiyanın elə bir fikri də yoxdur. Yəni yalnız danışıqların keçirildiyi yer və tərəflər əvvəlki qaydadadır, amma danışıqların mahiyyəti artıq dəyişməlidir. Ona görə ki, Rusiya əvvəlki şərtlərlə danışıqlar aparmaq istəməyəcək.

Məlumdur ii, İstanbul razılaşmasına görə, Rusiya Krım, Donetsk və Luqanskı müzakirə etməyə hazır olduğunu deyib. İki prezident yaxın 10-15 il ərzində sülh danışıqları aparmalı idi - həm Krımın, hən də Donetsk və Luqanskın taleyi ilə bağlı. Amma hazırda Krımın Rusiya ərazisi olduğunu nəinki Moskva, hətta Vaşinqton da tanıyır. Bundan sonra Rusiya heç vaxt Krımı müzakirə etməz. Donetsk və Luqanskı, hətta Xersonu və Zaporojyeni belə müzakirə etmək istəməyəcək.

Deməli, burada danışıqlar daha çox Rusiyanın öz nəzarətində saxladığı Ukrayna ərazilərinin tanınmasındən gedə bilər. Hüquqi cəhətdən olmasa da, faktiki olaraq Ukrayna ərazilərinin Rusiyanın nəzarətində olmasının tanınması danışıqlar predimeti ola bilər. Bunu da Ukrayna tanımayacaq.

Ordu və silah-sursatın sayı ilə bağlı Rusiyanın tələblərini də Ukrayna müzakirə edə bilməz. Denasifikasiya məsələsindən ümumiyyətlə danışmağa dəyməz. Ukraynanın NATO-dan imtina etməsi də çox çətindir. Bu halda Zelenskidən soruşula bilər ki, sən əgər NATO-dan imtina etmək istəyirsənsə, bunu əvvəlcədən nəyə görə demədin ki, Ukrayna gəlib bu vəziyyətə düşməyəydi. Müharibədən əvvəl əsas tələb məhz bundan ibarət idi. Zelenskinin özü də etiraf edirdi ki, Rusiya yalnız NATO-ya girməməyimizi tələb etdi və biz onlara razılıq vermədik. İndi Zelenski buna necə razılıq verər?

Danışıqların İstanbulda başlanması tamamilə mümkündür, lakin hər hansı bir müsbət nəticənin doğrulacağına ümid yoxdur. Bu danışıqlarda Ukraynanı qane edəcək nəticəni əldə etmək mümkün deyil. Rusiyanın maraqlarına uyğun razılaşmanın imzalanması da qeyri-mümkündür.

Belə bir vəziyyətdə həm Ukrayna, həm də Rusiya çıxılmaz durumdadır. Bu gedişi Zelenski bir qədər də çətinləşdirir. Bir tərəfdən İstanbul danışıqları təkcə Rusiyanın deyil, həm də ABŞ-nin təşəbbüsüdür, buna getməmək Amerikanı incik salmaqdır. Çünki ABŞ bunu bəhanə edib Ukraynaya yardımı dayandıra bilər. Danışıqlara getsə, Ukraynanı yaxşı heç nə gözləmir. Belə bir vaziyyətdə Ukrayna rəhbərliyi nə edəcək - Rusiyanın təklifini qəbul edib sonra çıxış yolları axraracaqmı? Bunu yaxın günlər göstərəcək.

Güman edirəm ki, Zelenskinin İstanbul danışıqlarından imtina etmək şansı da yoxdur.

Əvvəlcədən onun nəticəsiz qurtaracağını bilsə də, Ukrayna tərəfi danışıqlara mütləq getməlidir.

Mənə elə gəlir ki, Ukrayna reallıqları qəbul etməlidir, əks halda üçüncü İstanbul danışıqları Ukrayna üçün daha ağır ola bilər".

Akif NƏSİRLİ

Seçilən
0
15
baki-xeber.com

10Mənbələr