BAKI, TurkicWorld
Yerin dərin dəniz dibinin yalnız 0,001 faizini tədqiq etmişik.
TurkicWorld xəbər verir ki, yeni araşdırma dəniz dibinin nə qədər az hissəsinin vizual olaraq qeydə alındığını ortaya qoyaraq, planetimizin ən böyük, lakin ən az öyrənilmiş ekosistemi haqqında narahatedici mənzərə təqdim edib.
Okean Kəşfləri Liqası, Skripps Okeanoqrafiya İnstitutu və Boston Universitetinin alimləri ictimai məlumatlardan istifadə edərək, bəşəriyyətin son 67 ildə dərin dəniz dibinin cəmi 0,0006-0,001 faizini tədqiq etdiyini açıqlayıblar. Bu göstərici maksimum 3.823 kvadrat kilometr əraziyə uyğundur – bu da Belçikanın təxminən onda biri qədər bir sahədir.
Aparıcı tədqiqatçı və dərin okean araşdırmaçısı Ketrin Bell bildirib ki, bu qədər geniş bir ərazinin bu cür məhdud şəkildə tədqiq olunması həm elmi, həm də siyasi baxımdan ciddi problemlər yaradır. Onun sözlərinə görə, dərin okeanın yalnız kiçik bir hissəsi vizual olaraq qeydə alınıb, müşahidələrin 30 faizi isə 1980-ci ildən əvvəlki aşağı keyfiyyətli, ağ-qara fotoşəkillərdən ibarətdir.
Qeyd edək ki, tədqiqatda 200 metrdən dərin dalışların 43 minə yaxın qeydi təhlil olunub. Lakin bu statistikaya özəl sektorun neft və qaz tədqiqatları daxil edilməyib.
Tədqiqatçılar bildirirlər ki, 1960-cı illərdən 2010-cu illərə qədər dərin dəniz tədqiqatlarının sayı dörd dəfə artsa da, son illərdə bu fəaliyyətlər əsasən sahilyanı və dayaz ərazilərə yönəlib. 1970-ci illərdə bütün dalışların 60 faizi 2000 metrdən dərinliyə edildiyi halda, bu göstərici hazırda dörddə birə qədər azalıb.
Hazırda dünya okeanının 97 faizinin tədqiqi əsasən beş ölkə – ABŞ, Yaponiya, Yeni Zelandiya, Fransa və Almaniya tərəfindən aparılır.
Bell vurğulayıb ki, iqlim dəyişikliyi və dərin okeanlarda mümkün mədən fəaliyyətləri kimi artan risklər fonunda, bu böyük və zəngin ekosistemin araşdırılmasına daha çox diqqət yetirilməlidir. Onun sözlərinə görə, okeanın effektiv qorunması və idarə olunması üçün bu ekosistemləri daha yaxşı başa düşmək zəruridir.
Araşdırmaya əsasən, hətta dünyada eyni anda 1000 kəşfiyyat platforması fəaliyyət göstərsə belə, Yerin bütün dəniz dibinin tam şəkildə vizual olaraq xəritələndirilməsi təxminən 100.000 il çəkəcək.