Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda ümumrayon konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, partiya və ictimaiyyət nümayəndələri, rayonun idarə və təhsil müəssisələrinin rəhbərləri, həmçinin kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzülüb, dahli liderin xatirəsi ehtiramla anılıb. Sonra Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Burada iştirakçılar Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspinatlarla tanış olublar. Tədbir Ağcabədi Bayraq Muzeyində davam etdirilib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş film izləyiblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məruzə ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov çıxış edib. O, Ümummilli Liderin dövlətçilik fəlsəfəsindən söz açıb, dahi rəhbərin Konstitusiyanın hazırlanmasındakı müstəsna rolunu və ölkənin hüquqi əsaslarının formalaşmasındakı xidmətlərini vurğulayıb, onun düzgün və sarsılmaz siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov dövlət və din münasibətlərinin tənzimlənməsində Heydər Əliyevin xidmətlərindən söz açıb. Bildirilib ki, 1993-cü ildən sonra dini maarifləndirmə, məscidlərin və ibadət yerlərinin bərpası, dini təhsil ocaqlarının yaradılması və beynəlxalq dini dialoqda Azərbaycanın fəal iştirakı da məhz Ulu Öndərin siyasi uzaqgörənliyinin nəticəsi idi.